"Əgər ailəsini kariyerasına qurban verirsə,..." - SOSİOLOQ FİKRİ

7 Aprel 2025 15:16 (UTC+04:00)

"Kariyera məsələsini bizim cəmiyyətə gətirib sırıyandan sonra qadınların işləmək uğruna ailə qurmaqdan imtina etməsi, övladına baxmaq, süd vermək istəməməsi və s. bu kimi problemlərin əsasını qoydular". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, qadın indi fikirləşir ki, ailə qursa, bugünə qədər təhsilinə qoyduğu kapital batacaq: "Başı ailəyə qarışacaq, ondan sonra dalbadal uşaqlar dünyaya gələcək, planları suya düşəcək, təhsilinə qoyduğu kapitalı geri qazana bilməyəcək, təhsilinə verdiyi enerjini itirmiş olacaq, kariyerası alınmayacaq. Bir sözlə, elə düşünür ki, həyatı məhv olacaq. Çünki kariyerası olmayan qadınları müəyyən qlobal qüvvələr, qeyri-rəsmi institutlar cəmiyyətə elə təqdim etdilər ki, bu qadınlar insanların gözündə qarışqa kimi görünməyə başladı. Hansıki, çox uğurlu ailəsi var, uşaqlarını çox yaxşı tərbiyə edib, cəmiyyətin hər hansı bir sahəsində normal işi var, şərt deyil ki, kariyera qazansın. Tutaq ki, bu qadın dərzidir, bərbərdir. Normal işlərini görürlər. Əgər inkişaf etmək istəmirsə, sadəcə günlük həyatını qazanırsa, yaxud da, hazırkı mövqeyində xoşbəxtdirsə, o insanları qınadılar. Amma bu gün ofisiant, sabah administrator, digər gün sahibkar, daha sonra başqa pillələrə yüksələn hər hansı insanı o yolda itirdiklərinə rəğmən, o yolda qurban verdiyi nəsnələrə rəğmən təqdir etdilər. Amma o yolda itirdikləri də oldu. Ailəsini itirdi, uşağı ilə keçirəcəyi keyfiyyətli zamanı itirdi, uşağına göstərəcəyi qayğını, uşağının ən gözəl illərini itirdi. Çünki ailəsini qurban verdi".

"Kariyera yaxşıdır, demirəm pisdir. Amma kariyera ilə ailəni eyni zamanda inkişaf etdirə bilirsənsə, yaxşıdır. Birini digərinə qurban vermək heç vaxt birmənalı olaraq qadınlara xoşbəxtlik gətirmir. Bu gün kariyera qurmuş qadınlardan soruşsanız ki, "peşmansanmı?" əksəriyyəti ailə qurmadığı üçün peşmançılığını ifadə edir. 35-40 yaşına qədər hər şeyini özü əldə etmiş, bütün işini, həyatını özü qurmuş qadınlar ailə qurmadığı, vaxtında övlad sahibi olmadığı üçün peşman olur. Elə zən edirəm ki, qadınlar təhsildən sonra ailəsini qurmalı, övladını dünyaya gətirməli, südəmər dövründə onun yanında olmalı, bağça yaşından sonra kariyera məsələsinə baş qatmalıdır. Əgər ailəsini kariyerasına qurban verirsə, bu, birmənalı olaraq gələcəkdə ona xoşbəxtlik gətirmir.

Əslində tək qadınlar üçün yox, kişilər üçün də keçərlidir. Kişilər və qadınlar kariyeraya qurban verdikləri həyatlarına geri dönüb baxanda nələri itirdiklərinin fərqində olurlar. Əksəriyyəti də bununla bağlı peşmanlıq yaşayır. Əgər kariyeraya qurban verirsə, evliliyi ikinci plana atırsa, övladının dünyaya gəlməsini ləngidirsə, müəyyən yaşa çatdıqdan sonra bunun peşmanlığını yaşayır. Dönüb geriyə baxanda kariyera pilləkənlərində qoyub irəlilədiyi itirdiklərini düşünəndə əslində peşman olurlar" - deyə o, əlavə edib.