Son iki ildə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin sərnişin sayı 1,8 milyon nəfər və 1,8 dəfə artaraq 4 milyona çatıb. SİA xəbər verir ki, bu gün AZAL-ın aviasiya tarixinə yeni bir səhifə açmasından 33 il ötür.
Bildirilib ki, 2022-ci illə müqayisədə istiqamətlərin sayı 2024-cü ilə nisbətən iki dəfədən çox artaraq 27-dən 63-ə çatıb. 2022-ci ildə 2,2 milyon nəfər olan sərnişin sayı 2024-cü ildə 4 milyon nəfərə qədər artıb. AZAL “Boeing” və “Airbus” təyyarələrinin alınması üzrə, həmçinin "AerCap" və "CDB Aviation" şirkətləri ilə "Airbus" təyyarələrinin icarəsi üzrə müqavilələr imzalayaraq 2030-cu ilə qədər 20-dən çox yeni hava gəmilərini müasirləşən təyyarə parkına daxil olmasını və ümumilikdə sifariş həcminin artırılmasını planlaşdırır.
AZANS-ın peşəkar fəaliyyəti nəticəsində Azərbaycanın hava məkanı üzərindən keçən ümumi uçuşların sayı 2022-ci illə müqayisədə 2024-cü ildə 83 % artıb. Tranzit uçuşlarda isə sözügedən ilə nəzərən 2024-cü ildə 100 % artıma nail olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə də müsbət dinamika müşahidə olunur. Xidmət göstərilən istiqamətlərin sayı 2022-ci ilə nəzərən 67-dən 2024-cü ilin göstəricilərinə əsasən 81-ə yüksəlib, sərnişin sayı isə eyni illə müqayisədə 4,4 milyondan 2024-də 7,5 milyona qədər artıb.
Xatırladaq ki, 1992-ci ildən bəri AZAL ölkənin qlobal aviasiyada təmsilçisi, regionun dünyaya çıxışının təminatçısı olub. Prezident İlham Əliyevin göstərişinə əsasən korporativ mühitə keçən şirkət aviasiyada yeniliklərin tətbiqini və mükəmməlliyi hədəfləyib. Son dövrlərdə həyata keçirilən islahatlar və inkişafyönümlü addımlar sayəsində bir çox vacib nəticələr əldə olunub.