"Bakı Metropoliteni" QSC-nin "Dərnəgül” elektrik deposunda ümumilikdə müasir görünüşlü abadlıq və yaşıllaşdırma işləri aparılacaq. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin Tikinti layihələrin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.
Onun sözlərinə görə, yeni yaşıllıqların salınması zamanı məhz köçürüləcək ağaclardan istifadə olunacaq: "Çəmənliklərin və kol bitkilərinin salınması zamanı 1000-dək ağac və kolun əkilməsi nəzərdə tutulub. Bu tədbirlər həm ərazinin ekoloji tarazlığının gücləndirilməsi, həm də işçilərin asudə vaxtı, əmək və iş şəraitinin təşkili tədbirlərinin tərkib hissəsidir. İnşaat işlərinin ilk mərhələsindən yaşıllıq zonalarının salınması və ən əsası, ağaclara vaxtında aqrotexniki qulluğun göstərilməsi, həmçinin müasir suvarma sistemlərinin qurulması nəzərdə tutulub".
M.Rzayev bildirib ki, bu işlərə tikintiyə hazırlıq dövründə başlanılıb və deponun giriş sahəsində 22 sərv ağacı əkilib: "Depo ərazisində, ümumilikdə 1000-ə yaxın ağacın, 326 kvadratmetr sahədə mövsümlük güllərin əkilməsi və 18 min kvadratmetr çəmənlik salınması nəzərdə tutulur. “Dərnəgül” elektrik deposunda görüləcək tədbirlər ətraf mühitin yaxşılaşdırılmasına, ekoloji mühitin zənginləşdirilməsinə xidmət göstərəcək. Yaşıllıqların salınması, habelə sağlamlıq, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi parametrləri üzrə ən yüksək standartların tətbiqi gələcəkdə depo və onun yerləşdiyi bütün ərazidə müsbət dinamik inkişafa təkan verəcək".