Bu həftə Sofiyada "Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl enerji dəhlizi"nin reallaşdırılması üzrə texniki işlərə start veriləcək. Bu barədə SİA Bolqarıstanın Energetika Nazirliyinə istinadən xəbər verir.
"Bu həftə Bolqarıstanda dörd ölkənin Bakıda memorandum imzaladığı "yaşıl enerji dəhlizi"nin yaradılması üzrə texniki işlərə başlanacaq. Müvafiq nazirliklərin nazir müavinləri və enerji operatorları yeni enerji dəhlizi üzərində işə başlamaq üçün Sofiyada bir araya gələcəklər", - nazirlikdən bildirilib.
Bolqarıstanın Energetika Nazirliyi dəqiqləşdirib ki, memorandumun imzalanması ilə dörd ölkənin nazirləri dərhal nazir müavinləri səviyyəsində işçi qrupunun formalaşdırılması barədə razılığa gəliblər.
"Texniki-iqtisadi əsaslandırmaların hazırlanması prosesinin başlanmasının texniki detalları iyun ayına qədər dəqiqləşdirilməlidir. İlk investisiyalar mövcud güclərdən maksimum dərəcədə səmərəli istifadəyə yönəldiləcək", - nazirlikdən bildirilib.
Xəbər verildiyi kimi, aprelin 4-də “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında "yaşıl elektrik enerji"sinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. İmzalanma mərasimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında baş tutub.
Sənədə əsasən, dörd ölkənin energetika nazirlikləri enerji sistemlərinin modernləşdirilməsi imkanlarının öyrənilməsi və elektrik enerjisinin ötürülməsi və ticarəti imkanlarının genişləndirilməsini ehtiva edən birgə investisiya layihələrinin həyata keçirilməsi üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsinə kömək edəcək. Memorandum enerji infrastrukturunun təkmilləşdirilməsini və bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması ilə bağlı tədbirləri nəzərdə tutur.