Ermənistan təxribatçı əməllərinə niyə son qoymur? - MÜSAHİBƏ

7 Aprel 2025 10:12 (UTC+04:00)

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşmanın əldə edilməsi açıqlandıqdan sonra şərti sərhəddə erməni təxribatı dayanmır. Sizcə, nə baş verir?

- Çalışırlar ki, Azərbaycanla Ermənistan arasında yenidən qarşıdurmanı gücləndirsinlər. Müəyyən güc sahibi olan dövlətlər istəmirlər ki, Qafqazda sabitlik olsun. Bu baxımdan da, bütün vasitələrlə çalışırlar ki, Paşinyanı yenidən müharibəyə cəlb etsinlər, onu hakimiyyətdən devirsinlər. Paşinyanın seçdiyi yol qərbmeyilli yoldur. Stabilliyi pozmaqdan ötrü sərhəddə toqquşma yaratmağa başlayırlar. Heç bir şey edə bilməyəcəklər. Cənab Prezidentin bu sahədə apardığı uğurlu iş, Qarabağın işğaldan azad edilməsi, bunlar bir daha onlara ikinci zərbə ola bilər. Əgər onlar başını qaldırsa, cənab Prezidentin "Dəmir yumruğ"u onların başına çox pis enəcək. Bu məsələləri onlar da nəzərə alırlar. Paşinyan Türkiyə ilə məsələləri yoluna qoyur, danışıqlar aparılır. Bu baxımdan qorxu görmürəm. Amma erməni xalqı hiyləgərdir. Biz onların arasında böyümüşük. Onlara inanmaq olmaz. Deyir "erməni itinə yoldaş oldun, çomağı yerə qoyma". Bu baxımdan narahatlıq görmürəm. Sülh müqaviləsi nə qədər tez imzalansa, Azərbaycana, Ermənistana xeyirdir. Biz də qonşu dövlətik. Nə onlar Ermənistandan köçüb gedən deyil, nə də biz. Ona görə də, cənab Prezidentin bu sahədə apardığı uğurlu siyasəti axıra qədər davam etdirmək üçün biz ideoloji baxımdan güclü dəstək verməliyik. Hər yerdə deyirik ki, o günlər tarixin arxivində qaldı. Qarabağ işğalçılardan azad edilib, bir hissəsi burada tutulub, məhkəmələri gedir. Digər məsələlərdə də Ermənistanın bugünkü rəhbərliyi bizim xeyrimizə addım atmaq istəyir. Biz hər halda uğur qazanmışıq, sona qədər də qazanacağıq. Lakin çalışmalıyıq ki, sabitliyi hərtərəfli qoruyub saxlayaq. Bu olsa, bütün məsələlər həll olunur. Müəyyən qüvvələr var ki, çalışırlar, öz maraqları üçün bundan istifadə etsinlər, Azərbaycanda vəziyyəti gərginləşdirsinlər, daxili toqquşmalara yol açsınlar. Biz bunun qarşısını almalıyıq. Bu baxımdan ideoloji, siyasi cəhətdən işlərimiz çoxdur. Millətimizi başa salmalıyıq ki, artıq torpaqlarımız işğalçılardan azad edilib. Bu günlərdə biz Xankəndində, Şuşada, Laçında, Xocalıda olduq. Artıq böyük quruculuq işləri gedir. Hər halda bəzi dövlətlər istəyirlər ki, Azərbaycan Ermənistanla yenidən müharibəyə başlasın. İnanmıram ki, Ermənistanın bugünkü rəhbərliyi buna getsin.

- Tərəflərin sülh razılaşmasını kənara qoyub yeni müharibəyə başlamaq riski var?

- Mən görmürəm. Ermənistanın o cəsarəti ola bilməz. Ona görə ki, Ermənistan öz gücünü görür. Gördü ki, Azərbaycan 44 günlük Vətən müharibəsində onların başına nə oyunlar açdı. İkincisi isə Ermənistan nəyin uğrunda mübarizə aparacaq? Biz öz torpaqlarımız uğrunda mübarizə aparırdıq. Erməniləri torpaqlarından çıxarmırdıq. Düzdür, o torpaqlar da bizimdir. Paşinyan bu yaxınlarda özü də dedi ki, biz Azərbaycan torpaqlarında bu dövləti qurmuşuq. Onlar riskə gedə bilməzlər. Amma onları vadar edən qüvvələr var. Fransa, Hindistan, Yunanıstan, Rusiya da Ermənistanı yenidən silahlandırır. Hər halda bugünkü rəhbərlik risk edib ona gedə bilməz. Heç bir şeyə də nail ola bilməyəcəklər.

- Yeni müharibə ilə Ermənistan nəyə nail olmaq istəyir?

- Çox qətiyyətlə deyirəm ki, onlar yeni müharibə edə bilməzlər. Mən erməni dilində bilirəm, bütün günü onların saytlarını izləyirəm. Onların xalqında da bu fikir yoxdur. Bu fikri yayanlar separatçı qüvvələrdir. Həmin qüvvələr çalışırlar ki, ancaq Paşinyanı devirsinlər. Özləri də qəbul edirlər ki, Qarabağ Azərbaycanındır. Nəyin uğrunda mübarizə aparacaqlar, özləri də müəyyənləşdirə bilmirlər. Onlar çalışırlar ki, Azərbaycana təzyiq göstərmək üçün Ermənistanda hakimiyyəti dəyişsinlər. Köçəryanlar gəlsə, biz, əlbəttə ki, hazır olmalıyıq. Biz buna imkan verməyəcəyik. Hal-hazırda sülh müqaviləsinin imzalanması üçün danışıqlar gedir. Cənab Prezident bu barədə qəti fikrini bildirib. Top artıq Ermənistan tərəfindədir. Ermənilər olmayan papaqlarını qarşılarına qoyub fikirləşsinlər ki, o gücləri var ki, Azərbaycanla yenidən müharibə etsinlər. Mümkün deyil. Azərbaycan regionda ən güclü dövlətdir. Daxili və xarici düşmənlər sevinir ki, sülh müqaviləsi bağlanmayacaq, qarışıqlıq yaranacaq. Ona görə də, ermənilər də, daxildəki qüvvələr də bilməlidir ki, onların dədələri ölüb. Azərbaycanın dövlət başçısı da, xalqı da o kişilərdən deyil. Dövlət başçımızın bir sözü var, o sözü də sona qədər icra edən adamdır.

- Əsas diqqət Zəngəzur dəhlizinin açılmasına yönəlib. Təəssüflər olsun ki, hələ bu məsələ qalıb. Dəhlizin açılmasına mane olan səbəblər nədir?

- Biz tələsməməliyik. Əlbəttə ki, dəhliz açılmalıdır. Bu dəhlizin açılmasında digər dövlətlərin də çox böyük marağı var. İqtisadi cəhətdən çox gəlirli layihə ola bilər. Tələsməməliyik. Məsələ tam yetişməmiş onun üzərinə getməməliyik. İstəyirlər ki, bizi müharibəyə bu yolla cəlb etsinlər. Biz də gərək hər şeyi fikirləşək. Mən həmişə müsahibələrimdə demişəm ki, tələsməməliyik. Cənab Prezident nəyi necə etmək və nə zaman etmək lazım olduğunu çox gözəl bilir. Torpaqlarımızı işğaldan azad etmişik, quruculuq işləri gedir. Səfərlərimiz oldu, gördük ki, nələr baş verir. Biz bunları başa çatdırmalıyıq. Zaman gələndə o da öz-özünə həll olunacaq. Paşinyan da istəyir ki, o yol açılsın. Şərtlər var. Mən bildiyimə görə, cənab Prezident zamanı gələndə öz qəti fikrini bildirəcək. Tələsməyə ehtiyac yoxdur.

- Almaniya prezidentinin ölkəmizə səfəri oldu. Bu səfər fonunda ikitərəfli əməkdaşlığı necə dəyərləndirmək olar?

- Almaniya prezidenti ilk dəfə Ermənistana səfər etdi. Orada da, görünür, "saqqızını oğurladılar". Qarabağın olmayan, yalançı bayrağını yaydılar. Sonra da bizim Xarici İşlər Nazirliyimiz bəyanatlar verdi. Onlar da bizdən üzr istədilər. Amma Almaniya-Azərbaycan münasibətləri həmişə çox sağlam inkişaf edib. Bu dəfə də cənab Prezidentin brifinqdə çıxışında bir daha məlum oldu ki, Azərbaycan o dövlət deyil. Azərbaycan öz sözünü deyən, müstəqil siyasət yürüdən dövlətdir. Əlbəttə ki, Almaniya böyük dövlətdir. Çalışmalıyıq ki, Almaniya ilə bugünkü əlaqələri qoruyub saxlayaq. Amma buna mane olan Almaniyanın ətrafında olan digər dövlətlər var. Onlar çalışırlar ki, Almaniya-Azərbaycan münasibətlərində zədə olsun. Düşünürəm ki, cənab Prezidentimiz yüksək səviyyədə görüşlər keçirdi. Görüşdə hər şey bəlli oldu. Müəyyən müqavilələr imzalanıb. Gələcəkdə də bunların hamısı öz yerinə düşəcək. Bütün bunların hamısının üstündə sabitlik dayanır. Azərbaycandakı sabitliyi qoruya bilsək, bizə heç bir dövlətin gücü çata bilməz. Nə olsa da, qurd ağacı içindən yeyər. Cənab Prezident həmişə Qərb, Avropa dövlətləri ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarı olub. Münasibətləri pozmaq istəyən dövlətləri də öz yerində otuzdurmuşuq. Fransanın münasibətinə görə yalvaran deyilik. Almaniya prezidenti də çox yüksək fikirdə oldu. Düşünürəm ki, bu ardıcıllıqla da davam etməlidir. Almaniya ilə əlaqələrimizi daha da gücləndirməliyik. Bizim də xaricdə olan diasporlarımız, səfirlərimiz bu isə ciddi fikir verməlidirlər. Erməni diasporları fəallıq edirsə, nümunə götürsünlər, başları öz işlərinə qarışmasın. Cənab Prezident bu qədər işlər görür. Bu işləri təbliğ etsinlər. Cənab Prezident hər şeyi nəzarətdə saxlamağı bacaran böyük siyasətçi, dövlət başçısıdır. Əminəm ki, biz yüksələn xətt üzrə gedəcəyik.