Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında Azərbaycanın sosial siyasət sahəsində əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, hökumətimizin yanaşmasına əsasən, güclü iqtisadi baza sosial siyasətin daha effektiv həyata keçirilməsinə imkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial ədalət prinsipləri bizim üçün hər zaman önəmli olub.”
Sahibə Qafarovanın sözlərinə görə, bu siyasətin mühüm nailiyyətləri sırasında işsizlik və yoxsulluq səviyyəsinin 5.5 faizə endirilməsi var. O deyib ki, son beş ildə qəbul olunmuş dörd sosial islahat paketi əhalinin 40 faizini əhatə edib – minimum əməkhaqqı 2.7 dəfə, əməkhaqqı fondu 2.6 dəfə, sosial müavinət və pensiya ödənişləri isə 5 dəfə artırılıb. Bu gün hökumətimiz milli inkişaf strategiyalarını Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırıb. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədi sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyətin yaradılmasını beş milli inkişaf prioritetindən biri kimi təsbit edib.
Milli Məclisin sədri həmçinin bildirib ki, sosial inkişafın ümumi çərçivəsi Konstitusiyamızla müəyyən olunub. Bu yanaşmaya uyğun olaraq, parlamentimiz sosial inkişafın müxtəlif sahələrini əhatə edən əsas qanunları qəbul etmişdir. Mövcud qanunlara dəyişikliklərin edilməsi də daim diqqət mərkəzindədir, çünki qanunvericilik dinamik və davamlı inkişaf edən bir prosesdir.