"Putinlə danışıqlar təxirə salınmalıdır..."

7 Aprel 2025 00:25 (UTC+04:00)

…Finlandiyanın xarici işlər naziri Elina Valtonen Avropa liderlərinin Rusiya diktatoru Vladimir Putinə zəng etməyin vaxtının hələ çatmadığına inandığını bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada təcavüzkar hərbi əməliyyatlarını davam etdirdiyi bir vaxtda danışıqlar təxirə salınmalıdır. Finlandiya rəsmisi eyni zamanda Ukrayna dövlətinə dəstək verməyə çağırıb.

SİA-nın məlumatına görə, o, bu barədə Yle nəşrinə bildirib.

…Aydındır ki, Birləşmiş Ştatlar Rusiya ilə danışıqlar aparır və nə vaxtsa Avropa da dialoqa girəcək. Lakin daha vacib olan nə vaxt və kimin danışması deyil, bizim belə bir söhbət vasitəsilə nəyə nail olmağımızdır.

Bunu deyən Valtonen, Rusiyanın Krivoy Roqdakı mülki obyektə vəhşicəsinə ballistik raket zərbəsi endirdiyini xatırladıb, nəticədə çoxlu sayda insan, o cümlədən uşaqlar həlak olub.

Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, işğalçı ölkə Rusiyanın cinayət əməlləri onun nümayəndələri ilə söhbətin təxirə salınmalı olduğunu göstərir.

Onun sözlərinə görə, Finlandiya “Rusiyanı düşmən hesab etmir”, lakin onun hərəkətlərinə və beynəlxalq hüququn pozulmasına qarşıdır.

…Biz mehriban qonşuluq münasibətlərinə ümid edirik, lakin bu vaxt hələ çatmayıb. Hər şey Rusiyanın beynəlxalq müqavilə sisteminə qayıtmaq istəyini nə vaxt göstərməyə başlamasından asılıdır.

Valtonen izah edib və bildirib ki, bu baş verənə qədər münasibətlərin normallaşdırılmasından danışmaq tez olardı. …Biz bu məsələni avropalı tərəfdaşlarımızla müzakirə etməliyik, lakin dediyim kimi, indi normallaşmanın vaxtı deyil. Bunun əvəzinə strategiyamızı davam etdirməliyik: Ukraynanı dəstəkləmək, Rusiyanı sanksiyalarla zəiflətmək və öz müdafiəmizi gücləndirmək…

Bu da Finlandiya Xarici İşlər Nazirliyi rəhbərinin fikirləridir.

Əli Babayev