Pentaqon rəhbərinin istefası tələb edildi

27 Mart 2025 01:34 (UTC+04:00)

ABŞ-da məxfi məlumatın “Signal” tətbiqindəki yazışma zamanı yayılması ilə bağlı Tramp administrasiyasının kəşfiyyat və müdafiə rəsmilərinin Konqresdə ifadələri davam edir. SİA xəbər verir ki, bugünkü dinləmələrdə Demokratlar Partiyasının təmsilçiləri ABŞ-ın müdafiə katibi Pit Heqseti istefaya çağırıblar.

Onlar milli kəşfiyyatın direktoru Tulsi Qabbard və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifin yazışmada heç bir məxfi məlumatın paylaşılmadığına dair ifadələrini qəbul etməyərək, Pentaqon rəhbərinin məsuliyyəti üzərinə götürməsini tələb ediblər.

ABŞ-a məxsus gizlin məlumatların adi tətbiq vasitəsilə yayılması məsuliyyətsizlik hesab edilib.

Xatırladaq ki, iki gün əvvəl “Atlantik” jurnalının baş redaktoru Cefri Qoldberq təsadüfən Tramp administrasiyasının “Signal” tətbiqindəki yazışma qrupuna daxil edildiyini və orada ABŞ-ın Yəməndə husilərə hücum planının detallarının açıqlandığını deyib. Bu gün isə “Atlantik” dərgisi söhbətin davamını yayımlayıb və orada müdafiə katibinin döyüş təyyarələrinin dəqiq hücum vaxtlarına dair paylaşımı qeyd olunub.

Milli təhlükəsizlik müşaviri Mayk Vals müdafiə katibi, vitse-prezident və Tramp administrasiyasının digər yüksəksəviyyəli rəsmilərinin də daxil olduğu yazışmaya baş redaktorun əlavə edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

İki gündür Konqresdə hadisə ilə bağlı dinləmələr keçirilir.