Qaqauziya parlamenti Qutsulun həbsinə görə Kişineuya ultimatum verib

26 Mart 2025 16:41 (UTC+04:00)

Moldova hakimiyyəti Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu azad etməyəcəyi təqdirdə muxtar bölgənin Xalq Məclisi ölkədə etiraz aksiyalarını dəstəkləyəcək.

SİA xəbər verir ki, bu barədə bu gün parlamentin təcili iclasında qəbul edilən bəyanatda bildirilib.

"Parlament Qaqauziyanın başçısı Yevgeniya Qutsulun qanunsuz həbsinə qəti etirazını bildirir", - bəyanatda qeyd olunub.

Parlament, həmçinin Qutsulun həbsini Kişineunun muxtar quruma təzyiqinin artırılması istiqamətində növbəti addım adlandırıb və Moldova hakimiyyətindən onun dərhal azad edilməsini tələb edib. Bundan əlavə, bəyanatda Qaqauziyaya qarşı ayrı-seçkiliyin dayandırılması və onun hüquqlarına riayət edilməsi tələbi də yer alıb.

Qeyd edək ki, Qaqauziyanın başçısı martın 25-də axşam saatlarında İstanbul reysinə qeydiyyat zamanı Kişineu hava limanında saxlanılıb. Korrupsiyaya qarşı Milli Mübarizə Mərkəzi onun 72 saat müddətinə saxlanıldığını bildirib. Qutsul 2023-cü ildə Qaqauziya rəhbəri seçkiləri zamanı seçkiqabağı kampaniyanın qanunsuz maliyyələşdirilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.