Fransa Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 25 dəfədən çox artırıb

26 Mart 2025 11:53 (UTC+04:00)

Ötən il Fransanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 121,9 milyon ABŞ dolları təşkil edib.

SİA xəbər verir ki, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 117 milyon ABŞ dolları və ya 25,1 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Fransadan yatırılan investisiyaların payı 1,7% təşkil edib.

Öz növbəsində, Azərbaycan ötən il Fransa iqtisadiyyatına 19,2 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 479 min ABŞ dolları və ya 2,4% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Fransaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,1% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Fransadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 4,9 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 19,7 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.