Şəki teatrı bayram günlərində uşaqları əyləncəli proqramla sevindirir

23 Mart 2025 20:05 (UTC+04:00)

Martın 23-dən Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə uşaqlar üçün Hüseyn Hüseynlinin müəllifi olduğu “Meşə pərisi və Qarqamel” adlı nağıl-tamaşanın nümayişinə başlanılıb. Məqsəd Novruz günlərində uşaqlara yüksək bayram əhvali-ruhiyyəsi bəxş etmək, onları sevindirməkdir.

SİA xəbər verir ki, bu barədə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.

Tamaşada Qarqamelin nağıl qəhrəmanlarını oğurlamasından və onların Meşə pərisinin köməyi ilə xilas olmasından bəhs edilir. Hadisələrin gedişatında uşaqlara dostluğun, birliyin gücü təbliğ olunur.

Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Rolları Rəşad Rüstəmov, Pərviz İsmayılov, Fərahim Fətəliyev, Arzuman Abdullazadə, Nərmin Nəbiyeva, İlkin Rüstəmov, Nərmin Abbasova, Arzu Mustafayeva, Nuranə Mirzəliyeva və digərləri ifa edirlər.

Tamaşa gün ərzində üç seans olmaqla, martın 30-dək davam edəcək.