Misirin nüfuzlu "əl-Vafd" qəzetində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun geniş müsahibəsi dərc olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədqiqatçı-alim cəmiyyətin fəaliyyətindən, Azərbaycan ilə Misir arasındakı tarixi və mədəni əlaqələrdən söhbət açıb. Qeyd edilib ki, iki ölkə prezidentinin qarşılıqlı səfərləri siyasi və ticarət əlaqələrinin daha da inkişafına töhfə verib.
S.Nəsirov vurğulayıb ki, Azərbaycan xalqı ərazilərinin 20 faizinin işğal altında olduğu otuz ildən çox müddətdə ədalətsizliyə və ikili standartlara məruz qalıb.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən söhbət açan S.Nəsirov diqqətə çatdırıb ki, bu il Cəmiyyətin nəzdində Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunub. Elm və incəsənət sahələrinin bundan sonra Akademiyanın nəzdində fəaliyyət göstərməsinə qərar verilib. O, gələcəkdə bu qurumun Misirin Ali Təhsil Nazirliyi tərkibində fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib. Burada hazırda Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraətləri və digər fənlər üzrə kurslarda 642 tələbə ödənişsiz təhsil alır. Bundan başqa, Cəmiyyət bir sıra sosial fəaliyyətlər də göstərir, Ramazan və Qurban bayramlarında aztəminatlı ailələrə bayram sovqatları paylayır.