BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

22 Mart 2025 01:25 (UTC+04:00)

Martın 21-də Birləşmiş Millətlər Təşkilatının Qadınların Statusu Komissiyasının (CSW) 69-cu sessiyasında Azərbaycan Respublikasının təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən davamında həbs edilmiş qadınların və uşaqların azad edilməsi” adlı qətnamə qəbul edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, iki ildən bir 1994-cü ildən irəli sürülən bu qətnamədə silahlı münaqişələrdə qadın və uşaqlara xüsusi diqqət yetirilməklə, girov götürülmə məsələsinə toxunulur. Qətnamə bu cür əməllərin mahiyyət etibarı ilə qanunsuz və əsassız olduğunu təsdiq edir.

Qətnamə silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququ pozaraq mülki əhaliyə qarşı törədilən bütün zorakı hərəkətləri pisləyir və təsirli cavab tədbirlərinin görülməsinə, xüsusilə də girov götürülmüş qadın və uşaqların dərhal azad edilməsinə çağırır.

Daha sonra silahlı münaqişələrin bütün tərəflərini beynəlxalq humanitar hüquqa tam hörmət etməyə və mülki əhalinin müdafiəsi üçün bütün lazımi tədbirləri görməyə çağırış edilir.

Qətnamə, həmçinin dövlətləri girov götürülmüş qadın və uşaqların taleyini və harada olduqlarını müəyyən etmək üçün operativ tədbirlər görməyə səsləyir, məsuliyyətin artırılmasının zəruriliyi vurğulanır və beynəlxalq hüquqa uyğun olaraq hərbi cinayətlərə görə təqsirli bilinən şəxslərin araşdırılması, təqib edilməsi və ya məsuliyyətə cəlb edilməsi üçün bütün dövlətlərin öhdəliyi vurğulanır.

Nəticədə, qətnamə beynəlxalq əməkdaşlığı gücləndirməyə, girovların təhlükəsizliyini və ləyaqətini qorumağa, onların azad edilməsi, reabilitasiyası və cəmiyyətə reinteqrasiya mexanizmlərini təkmilləşdirməyə çalışır.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Qadınların Statusu Komissiyasının 71-ci sessiyasında qətnamənin icrası ilə bağlı geniş hesabat təqdim edəcək.