Çexiya Prezidenti Petr Pavel Odessaya səfər edib. Ukrayna rəsmiləri ilə görüşü zamanı şəhərə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin yenidənqurma işləri üzrə müavini - icmaların və ərazilərin inkişafı üzrə nazir Aleksiy Kuleba “Facebook” səhifəsində məlumat yayıb.
"Biz Çexiya Prezidenti ilə Rusiyanın hər gecə hava hücumu etdiyi Odessa şəhərində görüşdük. Məhz bizim görüşümüz zamanı Rusiya Federasiyası şəhərə üç "Şahed" dəstəsi yeritdi. Bütün sivil dünya Rusiyanın Ukraynaya qarşı cinayətlərini görməlidir", - deyə Kuleba yazıb.
Onun sözlərinə görə, Çexiya Prezidenti ilə görüşündə dəniz təhlükəsizliyi və minalardan təmizləmə problemləri, Ukraynanın bərpası və icmaların inkişafı müzakirə olunub.
Çexiya Prezidenti bu yay Romada keçiriləcək Ukraynanın bərpası üzrə konfransa dəvət edilib.
"Biz, həmçinin zərər çəkmiş rayonlara humanitar yardımın genişləndirilməsi, o cümlədən evlərini itirənlər üçün müvəqqəti mənzillərin verilməsi və tibb müəssisələrinə dəstək barədə razılığa gəldik. Odessa, Nikolayev və Xerson Regional Dövlət administrasiyalarının rəhbərləri ilə birlikdə regionlara gələcək birbaşa dəstəyi müzakirə etdik", - deyə nazir vurğulayıb.