Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 19 mərtəbəli yaşayış binasının on beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 76 kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və eyvanı ümumilikdə 16 kv.m. sahədə yanıb.
Xilasedicilər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.