"Ailə münasibətlərində böhranlar qaçılmazdır". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.
O bildirib ki, hər mübahisə böhran sayılmaz: "Mübahisə də əslində bir ünsiyyət dilidir. Bunu normal qəbul etməyimiz bizim üçün daha faydalı olar. Əsl problem duyğularını, aqressiyasını ifadə etməyə icazə verməyən valideynlərin olduğu ailədir. Bu duyğuları basdırma nəsildən nəslə keçən travmalarla bağlı ola bilər. Bu nəsildən-nəslə keçdiyi üçün o demək deyil ki, bu, sonsuzadək davam etməlidir. Bu zənciri qırmaq mümkündür və özünü inkişaf etdirən hər bir kəs bunu edəcəkdir.
Böhranı tamamilə aradan qaldıran üsul yoxdur. Eyni zamanda böhran baş verdiyi an onsuz da ailə üzvləri doğru düşünmək halında olmurlar. "Böhran bitdikdən sonra böhranı yaradan səbəblər nələr oldu? Hansı hadisədən sonra belə bir hal yaşandı?" suallarını özümüzə verməyimiz lazımdır. Böhranı yaradan səbəblərə ailə üzvlərinin xarakterindəki çətinliklər, doğru ünsiyyətin olmaması, ailə üzvlərində hər hansısa təşviş pozuntusunun (nevroz) olması, ailədəki rol və vəzifə bölgüsünün olmaması, hansısa üzvün daha çox yüklənməsi ola bilər.
Ailəni dağıtmaq fikri varsa, bunu etməzdən öncə ailəni toparlamaq üçün yolların olub-olmamasını incələmək lazımdır. Böhran anı yox böhrana qədər səbəbləri həll etmək bütün ailədəki insanlar üçün faydalı olacaqdır. Ara-sıra ailədə böhranların olması ailədəki insanların psixoloji immunitetini yaxşılaşdıracaqdır. Əgər özünüz böhran səbəblərini həll etməkdə çətinlik yaşayırsınızsa, mütəxəssisdən dəstək ala bilərsiniz".