"Bakı Metropoliteninin 20 Yanvar stansiyasında 1994-cü ilin bu günü erməni terrorçuları tərəfindən terror aktı törədildi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, həmin terror aktından 31 il keçir: "Bu terror aktı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi çoxsaylı qanlı terrorlardan biri idi. O vaxtkı təhlükəsizlik tədbirləri ilə bu gün Bakı Metropolitenində həyata keçirilən təhlükəsizlik tədbirləri arasında çox böyük fərq var. Çünki o zaman qatarın baş vaqonuna qoyulmuş saat mexanizmi, əldə düzəlmiş bomba qatar stansiyada olanda partlamışdı. Həmin partlayış nəticəsində 14 nəfər həlak oldu, 49 nəfər yaralandı. Aralarında tanınmış şəxslər də var idi. Hətta yaxşı xatırlayıram ki, Azərbaycanın xalq artisti, bəstəkar Rafiq Babayev də həyatını itirənlər arasında idi. O vaxt keçirilən məhkəmələrdə terror aktının Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğu və bədnam Sədval separatçı təşkilatı üzvləri tərəfindən həyata keçirildiyi bildirildi. Mətbuatda da bu haqda geniş məlumat verildi. Həmin hadisələr zamanı onlarla şəxs həbs olundu, aralarında ölüm hökmü alan da oldu. Bir xeyli insan da müxtəlif müddətdə azadlıqdan məhrum edildi.
Bu gün Bakı Metropoliteni daha etibarlı şəkildə qorunur. Bütün stansiyalarda partlayıcı və yaxud da kəsici alətlərə qarşı onları müəyyən etmək üçün xüsusi aparatlar, avadanlıqlar quraşdırılıb. Polis əməkdaşları bu məsələni ciddi şəkildə həyata keçirirlər. Ona görə də, son illər Bakı Metropolitenində 1994-cü il martın 19-da yaşadığımız terror aktları yoxdur və inşallah olmayacaq. Bu da yaxşı haldır ki, Bakı Metropolitenində mütəmadi olaraq həm metro istifadəçilərinə, həm də şəhərin qonaqlarına məlumat xarakterli çağırışlar, elanlar səsləndirilir ki, əgər metropoliten ərazisində şübhəli əşya, şəxs diqqətə alınsa, dərhal metropoliten əməkdaşlarına, yaxud da, polislərə məlumat verilsin".
"Allah həyatını itirmiş insanlara rəhmət etsin. Onlar günahsız idilər. 14 nəfər həyatını itirən, 49 nəfər yaralanan şəxslər düşünmürdülər ki, yaramazlar bu terror aktını Bakı Metropoliteni kimi strateji bir obyektdə həyata keçirərlər. Amma bu baş verdi. İnanıram ki, inşallah bundan sonra biz təhlükəsizlik tədbirlərini daha da mükəmməlləşdirəcəyik. Çünki dünya inkişaf etdikcə, dəyişdikcə terrorçuların da fəaliyyət metodları dəyişir. Ona görə də, ümid edirəm ki, həm Dövlət Təhlükəsizliyi Xidməti, həm Daxili İşlər Nazirliyinin əməkdaşları bir daha bu gün üstündən 31 il keçən terror aktını bir daha xatırlayaraq bundan sonra da xidməti vəzifələrini daha ayıq-sayıq həyata keçirərlər. Onsuz da, ayıq-sayıqdırlar, diqqəti bir qədər də artıracaqlar" - deyə o, əlavə edib.