“İdman səfiri olmaq mənim üçün çox xoş və məsuliyyətli bir seçim oldu”. Bunu SİA-ya açıqlamasında Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) deyib.
O, 2025-cilin “İdman səfiri” seçilməsinə münasibət bildirib.
Dadaşbəylinin sözlərinə görə, idman səfiri olaraq bir il ərzində Azərbaycanı istər ölkə xaricində, istərsə də daxilində keçirilən tədbirlərdə təmsil etmək qürurverici bir hissdir: “Mən Avropa çempionu və dünya çempionatında ikinci olarkən də bu qürur hissini keçirmişdim. Təbii ki, idman səfiri olmaq mənim üçün möhtəşəm bir təcrübə olacaq. Bunu yaşamaq möhtəşəm bir hissdir. Azərbaycanın 5 idman səfirindən biri olmaq sadəcə möhtəşəm hissdir. Bu yolda ölkəmiz üçün əlimdən gələni əsirgəməyəcəm. Biz ağırlıqqaldıranlarıq, bizim işimiz yüngül deyil. Lakin işini sevirsənsə onun ağırlığı sənə təsir etməz. Namizədliyimizi verərkən inanırdıq ki, bizi seçəcəklər. Gənclər və İdman Nazirliyinin ölkəmizin inkişafı naminə keçirdiyi hər bir tədbirdə canla-başla iştirak edəcəyik. Qarşıda bizi böyük yarışlar gözləyir. Mən bu yarışlarda da iştirak edəcəm. Həmçinin paralel olaraq bir il ərzində idman səfiri vəzifəsində bacardığım qədər ən yüksək səviyyədə icra eləməyə çalışacam. Bu etimadı mənə göstərdikləri üçün Gənclər və İdman Nazirliyinə başda nazir Fərid Qayıbov olmaqla Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm”.