"Həmin şəxsin magistratura oxuması sadəcə vaxt itkisidir" - ŞƏRH EDİLDİ

19 Mart 2025 10:32 (UTC+04:00)

"Magistratura təhsilinin önəmli olub-olmaması barədə danışmazdan əvvəl biz bir neçə sual ətrafında düşünməliyik". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

Onun sözlərinə görə, magistratura nədir, bakalavriat nədir, onların hərəsinin hansı funksiyaları var?" bu suallara cavab tapmaq lazımdır: "Bakalavriat, dörd illik təhsil dövrü bir şəxsin universitetdə dörd il ərzində oxuduğu ixtisas üzrə əmək bazarının tələbləri istiqamətində yetişdirən dövrdür. Ondan sonra gələn iki illik magistratura dövrü isə həmin ixtisasla bağlı daha ali səviyyədə və tam peşəkarlaşmış, uzmanlaşmış şəxsin formalaşması dövrüdür. Həmin şəxs sonrakı fəaliyyətində akademik işlərlə də məşğul ola bilir. Bir peşənin dərin bilicisi şəklində, həmin peşə üzrə öyrənən yox, öyrədən qəlibində çıxış edə bilir. Magistratura bu istiqamətdə trampilindir.

Bir şəxs dediyim istiqamətdə magistraturaya yanaşırsa, magistraturanı bu istiqamətdə trampilin kimi görürsə, oxumalıdır, özü də yaxşı oxumalıdır. Sonrakı fəaliyyətində davam etdirməlidir. Hər hansı bir şəxs universitetdə, dörd illik təhsil dövründə oxuduğu məsələləri özünə kifayət sayırsa, artıq dörd illik təhsildən sonra əmək bazarında öz yerini tapıbsa, onun bundan başqa heç bir məqsədi yoxdursa, onun magistratura oxuması sadəcə vaxt itkisidir. Sadəcə biz bölgünü düzgün aparmalıyıq. Bunun üçün də sualları özümüzə doğru və düzgün qoymalıyıq. Məsələn, mən suyu içirəm. Su nədir, onun funksiyası nədir? Rəqs edirəm. Rəqsin funksiyası nədir? Dərman içirəm. Dərmanın funksiyası nədir? Magistraturanı seçirəm. Magistraturanın funksiyası nədir? "Bu funksiya mənə nə üçün lazımdır?" sualları qoyulsa, o zaman daha uğurlu hərəkət edə bilərik".