Kərəyağı alarkən nəyə diqqət etmək lazımdır? - EKSPERT AÇIQLADI

18 Mart 2025 14:38 (UTC+04:00)

“Kərə yağı mətbəximizin ənənəvi yağlarındandır. Bazarda müxtəlif markalar və qiymətlər arasında seçim edərkən bəzi məqamlara diqqət yetirmək saxta və ya keyfiyyətsiz məhsuldan uzaq durmağa kömək edə bilər”. Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, ilk olaraq kərə yağının tərkibinə baxmaq lazımdır. Əsl kərə yağı yalnız süd vəya qaymaqdan hazırlanır, əlavə bitki yağları, marqarin və ya digər qatqılar olmamalıdır: “Etiketdə "100% təbii kərə yağı" yazısı olsa da, tərkib siyahısını yoxlamaq şərtdir. Əgər palma yağı, hidrogenləşdirilmiş yağlar və ya süni aromatizatorlar varsa, bu kərə yağı deyil. İkinci diqqət edilməli məqam kərə yağının rəngi və qoxusudur. Təbii kərə yağı adətən açıq sarı və ya krem rəngində olur. Çox parlaq sarı rəng süni boyaların istifadəsinin göstəricisi olma ehtimalı var. Qoxusu isə yüngül, xoş süd qoxusu olmalıdır. Kəskin kimyəvi və ya yağlı qoxu saxta olduğunun əlamətidir. Kərə yağını otaq temperaturunda bir az saxlayanda yumşalmalı, amma əriməməlidir. Əgər tez əriyirsə və ya su buraxırsa, bu bitki yağlarının qatıldığını göstərir. Bundan başqa qiymətdə vacib məsələdir. Keyfiyyətli kərə yağı ucuz ola bilməz, çünki onun istehsalı üçün çox miqdarda süd tələb olunur. Bu baxımdan da kərə yağı seçərkən mütləq tanınmış markalardan seçməli, həm də tərkibini mütləq oxumalıyıq. Saxta məhsullarla mübarizədə istehlakçılar məsuliyyətli olmalıdır. Şübhəli məhsul gördükdə tərkib hissəsinə baxmaq lazımdır. Əgər şübhəli məqamla rastlaşsaq, aidiyyəti üzrə şikayət edə bilərik. Belə olduqda həm öz sağlamlığınızı qoruyar, həm də keyfiyyətli məhsul istehsalına dəstək vermiş olarıq”.