Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunub - FOTOLAR

18 Mart 2025 13:55 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında 18 Mart – Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-mayor Kənan Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, ictimaiyyət və media nümayəndələri, Naxçıvanda təhsil alan türkiyəli tələbələr iştirak ediblər.

Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyub. Çanaqqala şəhidlərinin, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca hər iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Anım tədbirində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bildirib ki, şəhidlərimizin sarsılmaz Vətən sevgisi, xalqımızın, o cümlədən iki qardaş ölkənin birliyi və bərabərliyi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür. Konsul qeyd edib ki, tarixi qəhrəmanlıqlarla dolu olan millətimiz 110 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqlarımızın işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib.

Sonra Şəhidlərinin ruhuna Qurani-Kərimdən ayələr oxunub, dualar edilib. Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbə tərəfindən böyük zəfərə həsr olunmuş şeir deyilib.

Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər, iştirakçılar tərəfindən torpaqlarımızın azadlığı naminə canını qurban vermiş qəhrəman oğullarımızın məzarlarına və Şəhidlər xiyabanının mərkəzində ucalan “Ana” heykəli qarşısına gül dəstələri düzülüb.