"Hazırda günümüzün reallığına çevrilmiş sosial şəbəkələr, internet, virtual ünsiyyət və münasibət biz istəsək- istəməsək də həyatımızın gündəlik vasitəsinə çevirilib". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, bəzən deyirlər ki, internet və sosial şəbəkələr insanları bir-birindən ayırır, onları assosial edir: "Bu düzgün deyil, insanları şəbəkə formasında birləşdirməklə onların inkişafına, onların komfortuna təsir göstərə biləcək bir mərhələyə qədəm qoymuşuq. Hansı cəmiyyətdə, hansı ölkələrdə, hansı toplumlarda təhsil, elm, mədəniyyət, etik, estetik səviyyə yüksəkdirsə, onlar sosial şəbəkənin də özünün inkişafına yönələcəklər. Məsələn, aparıcı dünya ölkələrində, kapitalizm ölkələrində və Qərb ölkələrində artıq sosial şəbəkələr həm də bir öyrətmə, maarifləndirmə, məlumatın yayılmasına, kütləvi informasiya vasitəsinin yeni bir formatına çevrilib. Təəssüflər olsun ki, bu bizdə belə deyil. Sosial şəbəkədən qorxmaq lazım deyil, sosial şəbəkələr Azərbaycan, insan və dünya insanını bir birinə yaxınlaşdırır. Məsələn, biz illərlə ünsiyyət qura bilmədiyimiz, gedə bilmədiyimiz Amerikada, Avropada, kəndimizdə yaşayan şəxslər ilə canlı ünsiyyət qururuq. Görüntülü münasibət bəsləyirik, bir-birimizin bayramını təbrik edirik. Düşünürəm ki, sosial ünsiyyət daha önəmlidir. Sosial şəbəkələrdə olan virtual ünsiyyət daha çevik, daha böyük imkanlar verir. Onsuz da insanlar real həyatda bir-birindən uzaqlaşırlar. 1980-ci illərdən etibarən hər kəs şəhərə can atırdı və hər kəsin şəhərdə iki otaqlı evi var idi. Qonşuları belə tanımırdılar. Sosial şəbəkə əksinə insanları bir-birinə yaxınlaşdırmağa başladı. İnsanlar bir-birinin problemlərini, məsələlərini, sevinclərini, toy və yas mərasimləri ilə bağlı məlumatları bir-birinə daha tez ötürür. Hətta indi məktəblərin virtual variantı yaranıb. Sosial şəbəkələrdə ayrıca kurslar, psixoloji mərkəzlər, uşaq öyrətmə mərkəzləri etik, estetik kurslar yaradılıb. Bunun nəyi pisdir? Yetərki, insan öyrənmək istəsin, dəyişmək istəsin mədəni olsun, yetərki, insan verilən imkanlarda maksimum istifadə etsin. Avropada sosial şəbəkələr, virtual universitet akademiyalar səviyyəsində inkişaf edib. Biz hələ də bir-birimizə nifrət püskürməklə tanınmış insanların uğurlarına sevinməmək üçün onların paylaşdığı materialların altında şər, böhtan, təhqir, aşağılanma şərhlər yazırlar.
Azərbaycan dilli insanların böyük əksəriyyəti sanki qara kütlədən ibarətdir. Biz heç vaxt intellektualın, tanınmış adamın digər tanınmış adam tərəfindən kəskin müdafiə edilməsinin şahidi olmuruq. Amma qara kütlənin təsiri altına düşüb bizim tanınmışları söyən dostları görürük. Baxın virtual nifrət, şiddət, psixoloji və sosial şiddət bizi sosial şəbəkələrə arxa çevirməyə məcbur edir. Azərbaycanda sosial şəbəkələr zəifləməyə başlayıb. İnsanlar sosial şəbəkədən qaçmağa başlayıb. Bu öz tənhalığını, öz virtual tənhalığını, yalnızlığını göstərən insanlardan ibarət cəmiyyətə yiyələnirik. Uşaqlar yeni nəsildə belə böyüyür. Əlbəttə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri də var. Müsbət tərəfləri qeyd etdim, səviyyəli insanlar, elmi, təhsili, mədəni səviyyəsi yüksək olan şəxslərdən ibarət toplular sosial şəbəkənin müsbət tərəfindən istifadə edir. Amma təhsilə fikir verməyən, diplom xatirinə, kağız xatirinə, ata ananın pulu ilə oxuyan cəmiyyət ki var onlardan biri də Azərbaycan cəmiyyətidir. Bir cəmiyyətin inkişafı üçün ən azı 20 % intellektual səviyyəsi yüksək olan insanlardan ibarət olmalıdır. Dində isə sosial şəbəkələrdə nifrət, savaş, özlərini daha çox göstərmə, eqo, narsizm kimi cəhətlərin virtual variantın biz şahidi oluruq. İnsanlar artıq real həyatda ünsiyyət, münasibət görmürlər. Çünki əvvələr hərəmizin səkkiz, doqquz əmi bibi qardaş ailə üzvləri çox idi. İndi hər kəsin bir, iki və onların çoxusu da xaricdə yaşayır. Onların uşaqları artıq bir-biri ilə əlaqə yaratmırlar. Bayramdan bayrama atanın təsiri ilə nənəni, babanı, əmini təbrik etməklə kifayətlənirlər. Amma real həyatda onların öz mühiti var. O mühitə uyğun insanlar ilə ünsiyyət qururlar. Bu insanlarında sayı get-gedə azalır. Həm virtual aləmdə, həm də real aləmdə insanlar özlərinə qapanırlar. Cəmiyyətə və ətraf mühitə dost tanış və qohumlara artıq güvənmirlər. Çünki o qədər insanlar saxtakarlıq edirlər ki, real həyatda artıq heç kim bir-birinə inanmır. Virtual aləmdə də biz özümüz üçün dost, tanış, qohum-əqrəba axtarışına gedəndə özümüzü virtual aldatsaq da, yenə də eyni məsələlərdir. Ona görə də sosial şəbəkələrdə real ünsiyyətin müsbət, mənfi təsiri ilə bağlı fikir söyləyəndə birtərəfli fikir söyləmək mümkün deyildir".
Müəllif: Samirə Nəsirova