Böyük Britaniyanın Kral Apellyasiya məhkəməsi Nyuport şəhər zibilxanasında itmiş, içərisində 7500 bitkoin olan sərt diskin axtarışına icazə verilməsi ilə bağlı Ceyms Hauelsin vəsatətini rədd edib. SİA “Cointelegraph”a istinadla xəbər verir ki, 12 il əvvəl içində minlərlə kriptovalyuta olan sərt diski təsadüfən atan britaniyalı Ceyms Hauels bitkoinlərini qaytarmaq cəhdlərindən əl çəkmək niyyətində deyil.
Bu illər ərzində o, zibilxanada kriptovalyutanın olduğu cihazı tapmaq üçün Nyuport şəhər administrasiyasına tullantıların çeşidlənməsi və tapılan kriptovalyutanın bölüşdürülməsi ilə bağlı planlar təklif edib. Lakin rəsmilər dəfələrlə onun müraciətini rədd ediblər.
Məhkəmə sənədləri ilə tanış olan jurnalistlər bildiriblər ki, hakim Kristofer Nadji Hauelsin vəsatətini rədd edərək bildirib ki, "real uğur perspektivi" yoxdur və bunu nəzərdən keçirmək üçün "başqa ciddi səbəblər" də mövcud deyil.
İT mühəndisi Ceyms Hauels sübut etmək istəyir ki, Böyük Britaniyanın Ali Məhkəməsi və Apellyasiya Məhkəməsi onun mülkiyyət hüququnu və ədalətli məhkəmə hüququnu pozub. O, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi planlaşdırır.