Fransada irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər artıb

18 Mart 2025 06:10 (UTC+04:00)

Fransada ümumilikdə 9700 irqçi hərəkətin qurbanı müəyyən edilib, 5000 nəfər isə bu cinayətə cəlb olunub. SİA Fransa Daxili İşlər Nazirliyinin hesabatına istinadla xəbər verir ki, 2023-cü ildə qeydə alınmış kəskin artımdan sonra irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər 2024-cü ildə 11% artaraq 9350-yə çatıb. Həmçinin, qeyd edilir ki, eyni səbəblərə görə 2023-cü illə müqayisədə (+6%) 6985 cərimə qeydə alınıb. Bu cinayət və hüquq pozuntularının əksəriyyəti təhqir, təxribat və ya böhtandır.

Hesabata görə, Milli Polis və Milli Jandarma 2024-cü il ərzində ölkəboyu irqçilik, ksenofobiya və din əleyhinə 16 mindən çox cinayət qeydə alıb. İrqi motivli cinayətlərin 9700 qurbanı olub və onların əksəriyyəti əsasən Afrika ölkələrindən olan 25-54 yaş arası insanlardır.

Bildirilir ki, Paris irqçi cinayətlərin milli orta göstəricidən üç-dörd dəfə yüksək olması ilə açıq şəkildə fərqlənir.

İki il ərzində (2023 və 2024-cü illərdə) cinayətlərin artımı 44%-ə çatır.