Qattuzo yenə qalmaqala səbəb oldu

18 Mart 2025 04:10 (UTC+04:00)

"Hayduk”un baş məşqçisi Cennaro Qattuzo yenə qalmaqalla gündəmə gəlib. SİA xəbər verir ki, onun çalışdırdğı komanda Xorvatiya çempionatında səfərdə “Riyeka”ya 0:3 hesabı ilə uduzub. İtaliyalı məşqçi özünü saxlaya bilməyib. Oyundan sonra meydançanın yaxınlığındakı ekspert studiyasına soxulub. Qattuzo “MAX Sport” kanalının şərhçisi və eksperti, eyni zamanda keçmiş futbolçu olan Yoşko Yeliçiç ilə mübahisə edib. “Qoy mənim arxamca deyil, üzümə danışsın! Çox danışırsan. Həmişə çox pis danışırsan. Mən sənə hörmət etmirəm”, – deyə Qattuzo bildirib.

Qalmaqaldan sonra Yeliçiç ona hörmət etdiyini, lakin düzgün hesab etdiyi hər şeyi deməyə tam haqqı olduğunu bildirib. “Studiyada pis sözlər söylədiyimi dedi. Barmağını göstərməməsini, istədiyimi deməyə haqqım olduğunu söylədim. Mənimlə danışmağa ehtiyac olsa, bir daha televiziyaya gəlməyəcəyini söylədi. Yaxşı, mən ona dünya çempionu kimi hörmət edirəm. Qattuzo ölkəmizə gələn əcnəbidir və o da bizə hörmət etməlidir”, – deyə ekspert cavabında söyləyib. Məğlubiyyətdən sonra “Hayduk” 48 xalı olan ikinci pilləyə düşüb. “Riyeka” isə 50 xalla liderliyə yüksəlib. “Dinamo Zaqreb”in aktivində 45 xalı var və üçüncü yerdədir.