Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib

17 Mart 2025 19:44 (UTC+04:00)

Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

SİA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri Xəzər Rayon Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan olunub.

R.Məmmədov Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bu gün Azərbaycana gətirilib.