Novruz bayramına hazırlıq dövründə dörd çərşənbə qeyd olunur. İlk olaraq Su çərşənbəsi gəlir və bu, saflıq və yenilənmə rəmzidir. Daha sonra Od çərşənbəsi qeyd olunur, bu isə istilik və həyat enerjisini simvolizə edir. Ardınca Yel çərşənbəsi gəlir, baharın nəfəsi hesab olunur və təbiətin canlanmasını bildirir. Sonuncu Torpaq çərşənbəsi isə torpağın oyanmasını, bitkilərin cücərməsini və məhsuldarlığı ifadə edir. Hər bir çərşənbə Novruzun ruhunu yaşadır və bayramın gəlişini müjdələyir. Xüsusən Novruz bayramının sonuncu çərşənbəsi olan torpaq çərşənbəsi xüsusi adət-ənənələri ilə seçilir. Bəs vətəndaşların Novruzun bu çərşənbələrindən xəbəri varmı? SİA bu mövzuda vətəndaş arasında sorğu keçirib.
Şəhər sakini Günay Nəcəfova: “Novruz çərşənbələri xalqımızın əsrlər boyu yaşatdığı qədim ənənələrdən biridir və dörd əsas ünsürə əsaslanır. Bu çərşənbələr təbiətin oyanmasını, baharın gəlişini və yeni ilin başlanğıcını simvolizə edir. Hər çərşənbənin özünəməxsus mənası var. Məsələn, su çərşənbəsi təmizlik və yenilənməni ifadə edir. Od çərşənbəsi insanlar üçün xüsusi önəm daşıyır. Ocaq başında yığışmaq, tonqal qalamaq və onun üzərindən tullanmaq qədimdən bəri insanları pis qüvvələrdən qorumağın bir rəmzi hesab olunur. Yel çərşənbəsi havanın isinməsi və yazın nəfəsini duymaq deməkdir. Əfsanələrə görə, bu gün küləklər hərəkətə gəlir, torpağı oyadır və onu canlandırır. Sonuncu çərşənbə isə torpaqla bağlıdır. İnsanlar inanır ki, bu çərşənbədə torpaq isinir və artıq bitkilər cücərməyə, ağaclar çiçək açmağa başlayır. Bu, eyni zamanda yeni həyatın başlanğıcı və məhsuldarlıq rəmzi kimi qəbul edilir.
Şəhər sakini Dürdanə Axundova: "Novruz bayramı bizim milli bayramlarımızdan biridir. Hər kəsin bildiyi kimi bu bayramın özünəməxsus dörd çərşənbəsi vardır. Bu çərşənbələr isə öz adət-ənənələri ilə fərqlənir. Azərbaycanın simvolu olan bu çərşənbələr su, od , yel və torpaqdan ibarətdir. Ən çox isə Azərbaycanın simvolu kimi torpaq daha xüsusi bir şəkildə qeyd olunur. Mən özüm əslən Bakılıyam. Yoldaşım isə Buzovna kəndindəndir. Demək istədiyim ondan ibarətdir ki, kənd sakinləri bu adətləri daha dərindən bilir. Yəni lap əvvəllər bu adətlərin içində böyüyüblər.
Şəhər sakini Suğra Kərimova: "Xalqımızın bizə qədər gəlib çatan adətləri sırasında çərşənbələrimiz xüsusi yer tutur. Çərşənbələr eyni zamanda yazınb başlanğıcından sonuna qədər bölüşdürülmüş hissələridir. Bunlar hərəsi özünəməxsus adətləri ilə fərqlənir. Hər çərşənbə isə sırf xüsusi adətləri ilə qeyd olunur. Novruz bayramı dörd çərşənbədən ibarətdir ki. buna su, od. yel və torpaq aiddir. Çərşənbələrdə adət-ənənələr çoxdur. Hərəsinində özünəməxsus adətləri vardır. Torpaq sonuncu çərşənbədir ki. Novruzun artıq gəlişini xəbər verir".
Şəhər sakini Münirə Abbasova: "Novruz bayramı bizim adət-ənənlərimizə məxsus qaydada qeyd olunur. Tonqallar qalanır, uşaqlar üstündən tullanır. Həmçinin bayrama özəl səməni qoyulur. Novruz xonçası bəzədilir. Mən özüm Masallı rayonundanam. Masallı rayonunda hətta Novruz bayramı daha çox yox, ilaxır çərçənbə olan torpaq qeyd olunur. Mənim ailəm bir çox adət-ənənəni indiyə qədər yaşadır. Masallı rayonunda belə bir adət vardır ki. Novruza özəl balıq yeməyi bişirilsin".
Şəhər sakini Məhəmməd Rüstəmov: " Novruz bayramı bizim ən sevdiyimiz və milli bayramlarımızdan biridir. Biz bu bayramı hər zaman təntənə ilə keçiririk. Torpaq çərşənbəsi sonuncu çərşənbədir. Artıq Novruz bayramına demək olar ki, yaxınlaşmışıq. Torpaq demək olar ki. ölkəmizin rəmzidir. Torpaq bizim üçün hər zamçan müqəddəsdir. Bu gündə bütün evlərdə tonqallar qalanacaq".
Şəhər sakini Gülçin Abdullayeva: " Mənim ən sevdiyim bayramlardan biri Novruz bayramıdır. Adətən ən son çərşənbədə biz dostlartımızla yığışırıq, bizm ən çox sevdiyimiz üzük falına baxrıqı. Daha sonra Novruzun adətləri olan qapı pusmnağa gedirik. Axşama isə artıq bütün dostlarımızla tonqalın ətrafında toplaşırıq. Bütün ailə bir-birinə səmimi və qəlbdən gələn arzularını deyir. Novruz bayramı çox yaxşı bayramdır. Mən özüm Bakıda yaşayıram, lakin Qəbələdənəm. Rayonda adətən nənəm səmənini hazır almır. Özü xüsusi cücərdir".