...Deyirəm, neçə vaxt idi ki, ruslar ölkədə nəsil artımının yollarını axtarıardılar. Budur, axır ki, aralarında bir ağıllısı gözəl bir təkliflə gəlib.
Deməli, Kaluqa vilayətinin Tarusa Şəhər Şurasının deputatı Yevgeni Rudenko yerli qadınlara daha çox mini yubka, yəni qısa tuman geyinməyi təklif edib. Maraqlıdır ki, deputat əmindir: bu, Rusiyada demoqrafik göstəricilərin artmasına səbəb olacaq, yəni ölkədə doğanların sayını artıracaq.
SİA-nın məlumatına görə, Rudenko hesab edir ki, mini tuman geyinmək nikah və ailə qurmaq, nəticədə doğum nisbətini artırmaq üçün stimul ola bilər.
Onun sözlərinə görə, kişilər tez-tez mini yubkalı qadınlara həmlə etmək... üzr istəyirəm, maraq göstərir və bu, gələcəkdə ailə münasibətlərinə çevrilə və... uşaq dünyaya gətirəcək tanışlıqlara səbəb ola bilər.
Nə gözəl! Qeyd edilməlidir ki, deputat şəxsi təcrübəsindən misallar çəkərək qeyd edib ki, onun yazısının altına mənfi rəylər yazan bir neçə qadın gənclik illərində mini yubka
geyinib, çoxuşaqlı ana olublar.
Məsələn, onlardan birinin dörd, digərinin isə beş uşağı var. Özü də öz ərlərindən..?
...Qeyd edək ki, martın 16-da Rudenko ölkədə demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Tarusada qadınların isti mövsümdə daha açıq-saçıq, yəni mini yubka geyinməsini təklif etdiyi bir yazı dərc edib.
Yazını effektli etmək üçün deputatın göstərişi ilə mini yubkalı xeyli qadın fotosu dərc olunub.
Amma, maraqlıdır ki, deputatın bu tapıntısına dodaq büzənlər və hətta ona “xalq deputatı” kimi şorti geyinməyi təklif edənlər də olub.
Təbii ki, bundan inciməyən “xalq deputatı” olan Rudenko, ötən əsrin 70-ci illərində mini yubkaların populyar olduğunu və həmən ərəfədə Rusiyada uşaq əlindən tərpənmək mümkün olmadığını...hətta evliliklərin də indikindən möhkəm olduğunu, daha bilmirəm nələrisə də deyib...yox, nümunə göstərib.
Əli Babayev