Bakıda 22 qumbara, 9 mərmi aşkarlanıb - VİDEO

17 Mart 2025 14:50 (UTC+04:00)

Bakının Nərimanov rayonu, 7-ci köndələn küçəsində hərbi sursatlar aşkar edilib. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itin tətbiqi ilə aparılan əməliyyat nəticəsində döyüş tətbiqinə yararlı 21 ədəd F-1 əl qumbarası, 9 ədəd 7x62 mm-lik mərmi və 1 ədəd təlim üçün F-1 əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.