Rusların bu tankı heç vaxt Ukrayna cəbhəsində görünməyib, niyə..?

18 Mart 2025 00:04 (UTC+04:00)

...Rusiya zirehli texnikasının Ukraynaya qarşı müharibədə itkiləri dəhşətlidir. Amma itirilən minlərlə tank arasında Rusiyanın ən qabaqcıl tankı olan bir dənə də olsun “Armata” yoxdur.

...Və ona görə ki, heç vaxt döyüşlərdə iştirak etməyib.

SİA-nın məlumatına görə, Pentaqonun keçmiş məsləhətçisi Ruben Conson “19fortyfive” nəşrinə bu tank barədə danışıb.

Rusiya ilk dəfə T-14 “Armata”-nı 2015-ci ildə Moskvada hər il keçirilən Qələbə Paradında nümayiş etdirib.

Və maraqlıdır ki, bu tank elə ilk nümayiş zamanı düz Qırmızı Meydanda “xarab” olub, yəni sıradan çıxıb.

Ancaq bu komik epizod əslində “Armata”nın cəbhədə olmamasını izah etmir. Əslində problem təkcə tankın aşağı etibarlılığı deyil, həm də onun hədsiz qiymətindədir.

Conson yazır ki, T-14 “Armata” həqiqətən kifayət qədər mürəkkəb və bir çox cəhətdən inkişaf etmiş tankdır.

Bundan əlavə çox bahadır və onların döyüşdə istifadə etməsi axmaqlıq olar..?

...Ukraynanın müdafiə şirkətlərindən birinin rəhbəri “Armata”-nı bahalı italyan idman avtomobili ilə müqayisə edib.

Qeyd edilməlidir ki, bu, avtomobil mağazasında nümayiş etdirilərkən texnologiya möcüzəsi kimi görünsə də, gündəlik istifadə zamanı onun açıq-aşkar qeyri-praktikliyi və adi yollarda sürmək üçün yararsızlığı üzə çıxır.

Nəşrin müəllifinin qeyd etdiyi kimi, T-14 həqiqətən "qabaqcıl" dizayna malikdir və onun sistemləri Rusiya tanklarının əvvəlki nəsilləri ilə müqayisədə irəliyə doğru mühüm addımdır. Məsələn, o qədər "yüksək kompüterləşdirilmişdir" ki, nəzəri olaraq pilotsuz tank kimi işləyə bilər.

Ancaq bu yeni "yüksək" texnologiyalar "Armata" nı basdırıb. Hər hansı bir texnikanın yeni nəsli üçün xarakterik olan aşağı etibarlılığa əlavə olaraq, T-14 də absurd dərəcədə bahalı olub. “Armata”-nın bir vahidinin 5-9 milyon dollara başa gəldiyi güman edilir. Rusiyanın Rostec müdafiə konsorsiumunun rəhbəri və Rusiya prezidenti Vladimir Putinin uzun müddətdir yaxın müttəfiqi olan Sergey Çemezov T-14-ü Ukraynaya göndərmək üçün "çox bahalı" olduğunu bildirib.

Çemezovun sözlərinə görə, Ukraynaya T-14 göndərməkdənsə, Rusiya hərbçiləri üçün köhnə T-90-ları almaq daha asandır (qeyd edək ki, yeni T-90M-in qiyməti təxminən 1,5 milyon dollardır).

…Görünür, tankın taleyi həm indi, həm də gələcəkdə belə olacaq? Yüksək texnologiyalı döyüşlərdə itkilərin səviyyəsi və təmiri daha asan olan daha sadə silahlara ehtiyac T-14 “Armata”-nı praktiki olaraq mümkünsüz edir.

Bunu nəşrin müəllifi bildirib.

Əli Babayev