Azərbaycan internetin orta sürətinə görə öz yerini qoruyub

17 Mart 2025 09:05 (UTC+04:00)

Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (69,32 MB/S) görə yanvar ayına nisbətən öz yerini qoruyaraq 154 ölkə arasında 90-cı olub. SİA “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (37,32 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 85,7 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (345,33 MB/S), axırıncı yeri isə Suriya (3,23 MB/S) tutub.

Azərbaycan fevralda mobil internetin sürətinə görə isə yanvar ayına nisbətən 1 pillə geriləyərək 71,01 MB/S sürətlə 103 ölkə arasında 55-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (543,91 MB/S), sonuncu yeri isə Boliviya (13,4 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 200 şəhər arasında 69,84 MB/S sürətlə 114-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (343,67 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,98 MB/S)qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 3 pillə geriləyərək 85,28 MB/S sürətlə 149 şəhər arasında 83-cü olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (594,69 MB/S), sonuncu yeri La Paz (Boliviya) (9,95 MB/S) tutub.