Avarçəkmə üzrə Azərbaycan birinciliyinə start verilib

16 Mart 2025 19:56 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkil etdiyi avarçəkmə üzrə Azərbaycan birinciliyinə start verilib.

SİA xəbər verir ki, AKAF-dan verilən məlumata görə, yarışdan əvvəl rəsmi açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının və yerli idman idarələrinin nümayəndələri iştirak ediblər. Qonaqların çıxışları zamanı qeyd olunub ki, ölkəmizdə avarçəkmə idmanı son illərdə yeni inkişaf dövrü yaşayır. Gənclər arasında sevilən bu idman növünə cəlb edilən yeniyetmə və gənclərin sayı hər il daha da artır. Bu da gələcəkdə peşəkar və güclü komandanın formalaşmasında mühüm rol oynayacaq.

Açılış mərasimindən sonra yarışlara start verilib. İlk yarış günündə idmançılar akademik, kayak və kanoe növlərində 500, 1000 və 1500 metr məsafədə 16 dəst medal uğrunda mübarizə aparıblar. Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, Azərbaycan birinciliyinə martın 17-də yekun vurulacaq.