Serbiya müxalifətin səs topundan istifadə ittihamlarını rədd edir

16 Mart 2025 18:06 (UTC+04:00)

Serbiya Daxili İşlər Nazirliyi etirazçılara qarşı səs topundan istifadə edilməsi ilə bağlı xəbərləri təkzib edib.

SİA xəbər verir ki, bu barədə RİA Novosti idarənin mətbuat xidmətinə istinadən bildirib.

...Bugünkü 15 dəqiqəlik sükut zamanı Serbiya Daxili İşlər Nazirliyi “səs topundan” istifadə etməyib, çünki bu səsli silahdan istifadə qanuna uyğun deyil, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində şənbə günü axşam saatlarında Belqradda etirazlar zamanı baş verən iğtişaşlardan sonra 56 nəfərin xəstəxanaya aparıldığını bildirib.

Onun sözlərinə görə, 44 nəfər təcili tibbi yardım mərkəzində, 11 nəfər Zvezdara klinik xəstəxanasında, daha bir nəfər isə Zemun şəhərindədir.

Serbiya rəhbəri iğtişaşlarda iştiraka görə 22 nəfərin saxlanılmasına da aydınlıq gətirib.

Xatırladaq ki, martın 8-də Vuçiç Serbiyada tələbə etirazlarının radikallaşmasından danışıb. Serbiya prezidenti bunu daha çox müxalif siyasi partiyalar tərəfindən təşkil edilən etiraz aksiyalarına dəstəyin “azalması” ilə əlaqələndirib.

Əli Babayev