Perulu balıqçı Sakit Okeanda 95 gün qaldıqdan sonra sağ tapılıb

16 Mart 2025 17:46 (UTC+04:00)

Perulu balıqçı Masimo Napa Kastro Sakit okeanda 95 gün tək qaldıqdan sonra Ekvador gəmisinin ekipajı tərəfindən xilas edilib.

SİA-nın məlumatına görə, 62 yaşlı kişi ötən ilin dekabrında sahildən üzdüyü yerdən 1500 km aralıda tapılıb.

Mətbuatda yayılan məlumatlara görə, Kastronun vəziyyəti o qədər ağır idi ki, yardım almasaydı, bir gündən artıq yaşaya bilməzdi.

Əvvəllər Braziliya və Cənubi Afrikada xarici gəmilərdə işləyən təcrübəli balıqçı təxminən bir aya yaxın dənizdə qalmağı planlaşdırırdı. Lakin yola düşdükdən bir neçə gün sonra qayığın mühərriki xarab olub və onu doğaçlama vasitələrlə təmir etmək cəhdləri uğursuz olub.

Tezliklə quru ilə radio siqnalı böyük məsafə səbəbindən itib. Bundan sonra balıqçının ailəsi itkin düşmüş şəxs haqqında ərizə verib, yaxınları isə səlahiyyətlilərdən axtarışa tez bir zamanda başlamağı tələb etməyə başlayıb və bu axtarış uzun müddət nəticəsiz qalıb.

Martın 12-də Ekvadorun tuna balıqçı gəmisi üzən gəmini görüb. Ekipaj Kastroya ilk tibbi yardım göstərib və o, tezliklə ailəsi ilə video bağlantı vasitəsilə əlaqə saxlaya bilib.

Martın 15-də balıqçı Lima hava limanına aparılıb, orada nəhayət həyat yoldaşı, uşaqları və qardaşını şəxsən görüb, daha sonra anasının üç aydır onu gözlədiyi doğma şəhəri Piskoya gəlib.

Perulu tezliklə bədənində maye olmadığı üçün tibb mərkəzinə köçürülsə də, indi onun həyatı üçün təhlükə yoxdur.

Əli Babayev