Beynəlxalq araşdırma qrupu Ağrı dağının 30 kilometr cənubunda yerləşən və "Nuhun gəmisi xarabalıqları" olduğu güman edilən "Durupınar formasiyası" ilə bağlı işini başa çatdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə,mütəxəssislər dəniz çöküntülərinin də olduğu kurqanın gəmi deyil, təbii geoloji formasiya olduğu qənaətinə gəliblər.
Müqəddəs kitablardakı Nuhun gəmisinin Ağrı dağının təxminən 30 kilometr cənubundakı yamacda olması əfsanələri üzərində elmi araşdırma aparan qrup, nəhayət işlərini yekunlaşdırıb. 2021-ci ildən etibarən İstanbul Texniki Universiteti, Ağrı İbrahim Çeçen Universiteti və ABŞ-ın Endryus Universiteti ilə əməkdaşlıq çərçivəsində bölgədə 'Ağrı dağı və Nuhun gəmisi Araşdırma Qrupu' adı altında araşdırmalar aparılırdı.
Tədqiqatçılar 7-ci Beynəlxalq Ağrı dağı və Nuhun gəmisi simpoziumunda strukturun qədim gəmi olduğuna dair nəzəriyyələrlə bağlı yeni tapıntılar təqdim ediblər. Tədqiqatçılar 'Durupınar Formasiyası' adlı təbəqənin yaxınlığından 30 torpaq və qaya nümunəsi götürərək analiz üçün İstanbul Texniki Universitetinə göndəriblər.