Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirib. SİA xəbər verir ki, Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin prezidenti və baş icraçı direktoru Syuzan Eliotun moderatorluğu ilə keçirilən “Sülhə gedən yol” adlı panel iclasında əvvəlcə Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko Ukrayna-Rusiya müharibəsindən danışıb. Onun sözlərinə görə, bu müharibənin davam etməsi, sadəcə, bölgə üçün deyil, bütün dünya üçün təhlükədir. “Hadisələrə yalnız müəyyən prizmadan baxmaq olmaz. Biz burada, sadəcə, bir şəhərdən və ya dövlətdən danışmırıq, bütövlükdə demokratik dünyadan bəhs edirik”,- deyə o vurğulayıb.
Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç ABŞ Prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsinə yanaşma tərzindən danışıb. Onun sözlərinə görə, ABŞ Prezidentinin müharibəyə qarşı çıxması və sülh istəməsi üçün müəyyən səbəblər var. “Donald Trampın insan hüquqlarından narahat olduğunu düşünürəm. O, dünyadakı çoxlu maliyyə tələb edən “bahalı” müharibələri dayandırmaq istəyir və Ukraynaya hərbi dəstəyin artıq xərc olduğunu düşünür. Ancaq sözsüz ki, bu yanaşmanın da müəyyən problemli tərəfləri var. Çünki hazırda yaranan geosiyasi vəziyyət hər kəs üçün ciddi zərbədir. Münaqişələrin həllində diplomatiya tətbiq etməli, beynəlxalq hüquqları qorumalıyıq. Düşünürəm ki, münaqişənin həlli istiqamətində böyük potensial yaratmaq mümkündür. Əsas hədəf isə yeni müharibələrin başlamasına imkan verməməkdir”, - deyə sabiq Prezident bildirib.
İsrailin sabiq Baş naziri Ehud Olmert hazırda dünyanın bir çox yerində insan hüquqlarının pozulduğuna diqqət çəkərək deyib: “Bəzi təkliflər və açıqlamaların nəticələrinə baxaraq tərəddüdsüz şəkildə deyə bilərəm ki, mən fələstinlilərin Qəzzadan deportasiyasına qarşıyam. Bu, praktiki baxımdan, eyni zamanda, mənəvi cəhətdən doğru deyil. Hesab edirəm ki, İsrail adından danışan bəzi şəxslərin mövqeyi İsrailin əsas mənəvi dəyərlərini əks etdirmir. Biz Qəzzadan insanların deportasiya edilməsinə və Qəzzanın zorla dəyişdirilməsinə qarşıyıq”.
İsrailin sabiq xarici işlər naziri, Baş nazirin müavini Tzipi Livni fələstinlilər və israillilər üçün daha yaxşı gələcək yaratmaq yolları axtarmağın vacibliyini vurğulayaraq bildirib: “Hazırkı vəziyyət ürəkaçan olmasa da, müəyyən qədər diplomatik uzlaşma yaratmaz lazımdır. Müzakirələr daha da dərinləşməlidir”.
Monteneqronun sabiq Prezidenti Milo Cukanoviç çıxışında qeyd edib ki, Bakı Forumu və burada müzakirə olunan mövzular dünya böhranlarının, geosiyasi dəyişikliklərin mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir. “Çünki hazırda geosiyasi vəziyyət həqiqətən də şokedicidir. Geosiyasi dəyişikliklər beynəlxalq hüquqları heçə endirir. Bütün müharibələr, ən kiçik qarşıdurmalar belə dünyanın inkişafına təhdiddir. Xaosun davamlı olaraq artması xüsusilə Qərb ölkələrini daha çox narahat edir. Biz dəyərlərin sarsılmasının, siyasətin keyfiyyətinin azalmasının şahidi oluruq. Əgər insan hüquqlarının qorunmasına daha çox diqqət yetirməsək, ciddi fəsadlarla üzləşə bilərik”,- deyə o qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Baş nazirin müavini Bülənt Arınç dünyanın bir çox yerində yaranan böhran və müharibələrdən danışıb. Deyib ki, lakin beynəlxalq təşkilatlar bu halların qarşısını almaq istəmirlər. Azərbaycan və Ermənistan arasında yaşanan hadisələr bu məsələyə açıq nümunədir. Fransanın Ermənistana göstərdiyi dəstək davam etdikcə münaqişə də davam edəcək. Çünki Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir, əksinə, öz çıxarlarına uyğun addım atmağa çalışırlar. Bu isə dünyanı fəlakətə sürükləyə bilər. BMT Ermənistanın 1990-cı illərdə Azərbaycan torpaqlarını işğal etməsinə, Qarabağda yaşayan mülki insanları öldürməsinə 30 il susdu. Bəzi ölkələr hələ də Xocalı soyqırımını tanımaq istəmir. İşğal dövründə münaqişə ilə bağlı yalnız Minsk qrupu yaradıldı. Ancaq bu işğala səbəb olanlar münaqişəni həll etməkdən qaçdılar. Yalnız 30 ildən sonra Azərbaycan işğal altındakı torpaqlarını öz gücü ilə azad etdi. Hazırda isə Azərbaycan sülh müqaviləsi üçün beynəlxalq təşkilatlara, dünya dövlətlərinə səslənir.
B.Arınç diqqətə çatdırıb ki, bir çox dünya dövləti öz maraqlarına uyğun olmayan halları rədd edir və nəticədə BMT münaqişələrin qarşısını ala bilmir.
BMT Baş Assambleyasının 72-ci Sessiyasının sədri, Slovakiyanın sabiq xarici işlər naziri, Aİ-nin Belqrad-Priştina Dialoqu və digər Qərbi Balkan regional problemləri üzrə keçmiş xüsusi nümayəndəsi Miroslav Layçak yeni dünyada sosial medianın rolundan danışaraq qeyd edib: “Kiberhücumlardan qorunmaq üçün ən son texnologiyalardan istifadə etməliyik. Eyni zamanda, informasiyanı daha yaxşı ayırd edə bilmək bacarığımız olmalıdır, çünki sosial media artıq real bir aktora çevrilib. Əgər siz müharibədə gəlmək istəyirsinizsə, sosial mediada məğlub olmamaq barədə düşünməlisiniz”.
O bildirib ki, əgər davamlı və ədalətli sülh istəyiriksə, hər şeydən əvvəl bu, beynəlxalq hüquqa əsaslanmalıdır.
ABŞ-ın Birləşmiş Krallıqdakı sabiq səfiri, WPP Plc-nin sabiq sədri Filip Lader geosiyasi vəziyyəti təhlil etməyin, dünyada baş verənləri aydın şəkildə görməyin vacibliyinə diqqət çəkib. O qeyd edib ki, Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər hər kəs üçün birmənalı mühümdür.