İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Azərbaycanda biznesə başlamanın daha da yaxşılaşdırılması müzakirə edilib. SİA bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib. Tədbirdə işçi qrup üzvləri və onun fəaliyyətinə bilavasitə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”nin təsdiq edildiyini diqqətə çatdırıb. O, bildirib ki, Dünya Bankı Qrupunun sentyabr ayında nəşr olunacaq hesabatına Azərbaycanın da daxil ediləcəyi gözlənilir.
Daha sonra S.Musayeva Dünya Bankı Qrupunun adıçəkilən indikatorla bağlı ünvanladığı sorğu anketi ilə əlaqədar təqdimatla çıxış edib. Ölkəmizdə biznesin təsis edilməsi ilə bağlı bir çox müsbət nəticələr əldə olunduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
İclasda 2025-ci il üzrə Yol Xəritəsi ilə bağlı qarşıda duran vəzifələr barədə müzakirələr, biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı ilə bağlı yeniliklər və biznesə daxilolma sahəsində həyata keçirilmiş islahatlara dair təkliflər səsləndirilib. Qərara alınıb ki, yaranmış suallarla əlaqədar hüquq-konsaltinq şirkətləri, özəl sektor və müvafiq dövlət qurumları cəlb edilməklə ayrıca tematik görüşlər təşkil edilsin.