"Biz kifayət qədər bir-birimizi anlayan ölkələrik" - POLİTOLOQ ŞƏRH ETDİ

14 Mart 2025 15:44 (UTC+04:00)

"Azərbaycan dövləti avroasiya məkanında son 20-30 il ərzində çox böyük fəallıq nümayiş etdirib. Bu fəallıq ilk növbədə beynəlxalq inteqrasiyanın inkişafı ilə bağlıdır. Biz bu haqda saatlarla danışa bilərik. Amma bir halda ki, real töhfələr verilməyibsə, sonra əməli addımlar atılmayıbsa, onda bu işlər elə layihə olaraq qalır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycan isə həm danışır, həm vədlər verir, həm də əməli işlərini uğurla həyata keçirir. Biz Cənub Qaz Dəhlizinin nə qədər vacib, stratejik əhəmiyyətə vacib olduğunun şahidiyik: "Əvvələr kimlərsə bu layihə ilə bağlı bədgümanlıq göstərirdilər, sonra deyirdilər ki, bu xeyrdən çox fəsadlar gətirəcək, ekoloji təsirləri olacaq. Ancaq bu həmin o qüvvələrdir ki, onlar Azərbaycanla bağlı bəzi mərkəzlərin sifarişi ilə düşmən mövqeyindən çıxış edirlər, Azərbaycanın gördüyü işlərə şübhə ilə yanaşırlar. Digər tərəfdən isə ölkəmizin, xalqımızın, obrazını, imicini qara boyalarla ləkələmək istəyirlər, lakin buna nail ola bilmirlər. Ancaq biz onlara diqqət yetirib fəaliyyətimizdən dayanmırıq, əksinə biz öz işərimizi lazım bildiyimiz qaydada həyata keçiririk. Ona görə də vaxtı-vaxtında bütün vədlər, anonsların hamısı reallaşır və gerçəkləşir. Bu Cənubi Qaz Dəhlizi əlbəttə ki, daha böyük bir layihədir. Dövrün ən gözə düşən və diqqət çəkən layihələrindən biridir.

Bildiyimiz kimi 12 ölkə Azərbaycandan qaz alır, onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Həmin ölkələr əsasən bizim tərəfdaşlarımızdır. Biz bir daha göstəririk ki, Azərbaycan həqiqətən də təhlükəsizlik məsələlərinin müsbət həllində öncül ölkələrdən biridir. Əgər enerji təhlükəsizliyi varsa, digər təhlükəsizliklər də öz həllini tapır. Bu istiqamətdə Şimali Makedoniya da əlbəttə ki, bizim üçün dost olan ölkələrdəndir. Biz demək olar ki, eyni aqibəti yaşamışıq. Yəni Azərbaycan Sovetlər İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini bərpa edib, Şimali Makedoniya isə keçmiş Yuqoslaviyanın parçalanmasından sonra müstəqil həyata qədəm qoymuşdur. Biz kifayət qədər bir-birimizi anlayan ölkələrik".