Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası xalqa və dövlətə yeni böyük uğurlar gətirib. SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatı ilə bağlı danışarkən deyib.
O bildirib ki, dövlət başçısı tərəfindən Azərbaycanın inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlüyü və səmərəliyi yüksəldib:
“Ölkənin iqtisadi dayanıqlığının qorunmasına, modernləşməyə və sosial rifaha xidmət edən düşünülmüş tədbirlər həyata keçirilib”.
S.Qafarova əlavə edib ki, ötən il ümumi daxili məhsulun artımı həm neft, həm də qeyri neft-qaz sahələri hesabına əldə edilib:
“İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə də nəqliyyat-tranzit potensialının reallaşdırılması, kənd təsərrüfatının, turizmin, rəqəmsal və yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Hökumətin bu istiqamətdə gördüyü işlər iqtisadiyyatın dayanıqlı olmasına xidmət edir”.