"Tədbirlər mədəniyyətimizin yenidən dirçəlməsinə hesablanıb" - Adil Kərimli

14 Mart 2025 12:43 (UTC+04:00)

"Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli mədəniyyət siyasətinin qayəsində ölkə ərazisində yerləşən bütün mədəni irsimizin, o cümlədən tarixi və mədəni abidələrin etnik və dini mənsubiyyətindən asılı olmayaraq dövlət tərəfindən mühafizə, bərpa və təbliğ edilməsi dayanır". SİA xəbər verir ki, bu sözləri “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfransda mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, dövlət başçısının çıxışlarında qeyd etdiyi kimi multikultralizm Azərbaycan xalqının həyat tərzinə çevrilib.

Konfransın gedişatında qədim insan məskənlərinin ortaq tədqiqi və təbliği ilə bağlı vahid platformanın təsis edilməsi məsələsinin də nəzərdən keçirilməsini təklif edən nazir deyib ki, bu sahədə çoxsəviyyəli beynəlxalq mübadilə proqramları yalnız dövlətlərarası və beynəlxalq təşkilatlar çərçivəsində olmamalı, həm də elmi institutlar, universitetlər, beyin mərkəzləri, muzeylər, hətta QHT-lər arasında da həyata keçirilməlidir: “Hərbi təcavüzə məruz qalmış və torpaqlarının bir hissəsinin 30 ilə yaxın işğal altında qalmış bir dövlət olaraq, biz bu acı həqiqəti öz təcrübəmizdə yaşamışıq. İşğalçı qüvvələr tərəfindən tarixi abidələr dağıdılmaq və xalqımıza məxsus zəngin və qədim eksponatlar talanmaqla yanaşı, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarasında qanunsuz arxeoloji ekspedisiyaların aparılması da müşahidə edilmişdir. Bu xüsusda, düşünürəm ki, ikinci panel sessiya zamanı müzakirələr çərçivəsində həm də beynəlxalq təşkilatların mövcud mexanizmlərinin təkmilləşdirilməsi və monitorinq imkanların genişləndirilməsi yollarına da toxunulmalıdır”.

Adil Kərimli qeyd edib ki, Azərbaycan hökuməti Prezidentin iradəsi və tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir: "Bu tədbirlər həm də mədəniyyətimizin yenidən dirçəlməsinə hesablanıb".