Bu il “Zaqatala-Balakən Biosfer Qoruğu” yaradılacaq və onun nominasiya dosyesi UNESCO-nun "İnsan ve Biosfer" proqramına təqdim olunacaq. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, ölkədə geopark yaradılması üçün beynəlxalq ekspertlər tərəfindən birgə aparılan araşdırılmalar nəticəsində ərazilər müəyyən edilmiş və geoparkların yaradılması ilə bağlı nominasiya sənədinin bu il UNESCO-nun "Qlobal Geoparklar Proqramı"na təqdim olunması planlaşdırılır.
Hesabatda qeyd edilib ki, Qanıx çayı vadisində Axar-baxar dağ silsiləsini, Samux rayonunun ərazisinə aid Samux Ovçuluq Təsərrüfatının və Qax Dövlət Təbiət Yasaqlığının bir hissəsini əhatə etməklə yeni milli parkın yaradılması və İlisu Dövlət Təbiət Qoruğuna milli park statusunun verilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edilib ki, hesabat ilində respublika ərazisində mövcud faydalı qazıntı yataqları daxilində mineral xammal ehtiyatlarının səmərəli istifadəsi məqsədilə ümumilikdə 105 icazə sənədi verilib. Onlardan 24-ü işğaldan azad edilmiş ərazilərə aiddir.