Bu il yanvarın 1-nə qədər Azərbaycanda 500 sahibkara 603 investisiya təşviqi sənədi təqdim edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, investisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,2 milyard manatdan çox investisiyanın yatırılacağı, 43,3 mindən çox iş yerinin açılacağı nəzərdə tutulub. Təşviq edilmiş layihələrin 13 %-i Bakı şəhəri və ətraf qəsəbələrin, 87 %-i isə regionların payına düşüb. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 62,3 %-i sənaye, 34,2%-i kənd təsərrüfatı, 1,8%-i logistika, 1,7%-i isə turizm sahələrində icra olunacaq layihələri əhatə edib.
2024-cü ilin sonuna investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara (469 sahibkarlıq subyekti) 1 milyard 280,6 milyon ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6 139 təsdiqedici sənəd verilib və sahibkarlar idxalda tətbiq olunan vergi və rüsumlardan 312,4 milyon ABŞ dolları məbləğində güzəşt əldə edib.
Təkcə 2024-cü ildə isə 19 sahibkarlıq subyektinə 19 investisiya təşviqi sənədi təqdim edilib. Həmin sənəd təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1 milyard 581,8 milyon manatdan çox investisiya yatırılacağı, 4 473 iş yerinin açılacağı nəzərdə tutulub. Eyni zamanda, qeyd olunan dövrdə investisiya təşviqi sənədi almış hüquqi şəxslərə və fərdi sahibkarlara 188,2 milyon ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 477 təsdiqedici sənəd verilib və sahibkarlar idxalda tətbiq olunan vergi və rüsumlardan 42,1 milyon ABŞ dolları məbləğində güzəşt əldə edib.