2024-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) aqrar texnikanın alınması üçün 4,4 min müraciət üzrə 80,8 milyon manat güzəştli vəsait ayırıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bununla 9,1 min ədəd kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarının, suvarma sistemləri dəsti və avadanlıqlarının (o cümlədən 34 kombayn, 1,5 min traktor və 7,5 min ədəd digər texnika) alışı maliyyələşdirilib.
Bununla yanaşı, kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqlarının və suvarma sistemləri dəsti və avadanlıqların alışının maliyyələşdirilməsi məqsədilə ayrılmış kredit və lizinq vəsaitinin faizlərinin subsidiyalaşdırılması üçün 7,9 milyon manat məbləğində vəsait ayrılıb. Bundan əlavə, qeyd olunan dövrdə 143 müraciət üzrə 5,83 min baş damazlıq heyvanın (5032 baş iribuynuzlu, 798 baş xırdabuynuzlu) alışı üçün 17,4 milyon manat güzəşt vəsaiti ayrılıb.