Azərbaycan millisinin qadın güləşçisi Elnurə Məmmədovanın (53 kq) SİA-ya müsahibəsini təqdim edirik:
- Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında Avropa çempionatında iştirak etdiniz. Yarışı necə dəyərləndirərdiniz?
- Yarış yüksək səviyyədə keçdi. Hər şey çox gözəl təşkil olunmuşdur. Sonuncu dəfə idi ki, 23 yaşlılar arasında Avropa çempionatında iştirak edirdim. Mənim üçün çox yaxşı təcrübə oldu.
- Yarışı qızıl medalla başa vurdunuz. Bu uğurunuzu necə şərh edərdiniz?
- Bu yarışı çempion olaraq başa vurduğum üçün çox xoşbəxtəm. Sevincimin həddi-hüdudu yoxdur.
- Daha öncədən çempion olacağınıza ümid edirdiniz?
- Buna nail olacağıma inanırdım. Çox yaxşı məşqlər etdik. Macarıstanda yüksək səviyyədə təlim-məşq toplanışımız oldu. Bu səbəbdən ümidim var idi ki, yarışı yüksək səviyyədə bitirim.
- Rəqiblər barədə nələr deyə bilərsiniz?
- Burada zəif rəqib yoxdur. Hər kəs ora qalib olmaq üçün gəlmişdir. Ona görə görüşlərimiz heç də asan keçmədi. Gərgin və mübarizələrlə dolu bir çempionata şahidlik etdik.
- Çətinliyiniz oldumu?
- Həyəcanım çox idi. Məsuliyyətim çox olduğu üçün gərgin idim. Finalda məsuliyyətim həyəcanım çox idi. Şükür ki, qalib oldum.
- Qələbənizi kimə həsr edirsiniz?
- Bu uğurumu ailəmə xüsusilə də atama həsr edirəm. Onlar daim mənim yanımda olub, mənə dəstək olurlar.
- Qarşıda başqa nə planlarınız var?
- Qarşıda böyüklər arasında dünya çempionatı gəlir. Orada da çempion olmaq üçün əlimdən gələni edəcəm. Bunun üçün təlim-məşq toplanışlarında iştirak edəcəm. Yaxşı şəkildə hazırlaşıb, çoxlu çalışacam.