"Hamiləlik dövrü qadın orqanizminin həssas olduğu bir mərhələdir. Bu zaman qidalanma həm ananın, həm də dölün sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Hamilə qadınların “ürəyi istəyən qidanı” yeyə bilməməsi dedikdə, adətən onların spesifik bir yeməyə həvəs duyması, lakin müxtəlif səbəblərə görə yeyə bilməməsi nəzərdə tutulur". Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, həkim qadağası, allergiya, iqtisadi vəziyyət, mövsümi əlçatanlıq və ya mədə problemləri səbəbindən istehlak edə bilməməsi nəzərdə tutulur: "Bu vəziyyətin ana və uşaq üçün fəsadları olub-olmaması bir neçə amildən asılıdır. Hamiləlikdə qadınların qida istəkləri tez-tez hormonal dəyişikliklər və orqanizmin müəyyən qida maddələrinə ehtiyacı ilə əlaqələndirilir. Məsələn, turşu istəyi orqanizmdə natrium və ya C vitamini çatışmazlığını, şokolad istəyi isə maqnezium ehtiyacını göstərə bilər. Əgər qadın ürəyi istəyən qidanı yeyə bilmirsə və bu istək həqiqətən bir qida çatışmazlığını əks etdirirsə, uzun müddətdə problemlərə səbəb ola bilər. Məsələn, dəmir çatışmazlığı anemiyaya, kalsium çatışmazlığı isə sümük sağlamlığına təsir edə bilər. Dölün inkişafı üçün fol turşusu, dəmir, kalsium və zülallar kimi elementlər vacibdir. Əgər ana bunları alternativ qidalardan almırsa, dölün böyüməsi ləngiyə bilər, aşağı çəkili doğulma və ya inkişaf qüsurları riski arta bilər. Anada isə yorğunluq, immunitetin zəifləməsi kimi hallar baş verə bilər. Lakin hər istək bioloji ehtiyacdan qaynaqlanmır. Bəzən bu hal psixoloji və ya mədəni faktorlarla bağlıdır. Azərbaycanda adətən hamilə qadınların turşu, meyvə və ya şirniyyat kimi qidalara meyl etməsi müşahidə olunur. Əgər qadın bu qidaları yeyə bilmirsə, amma qida rasionu ümumilikdə balanslıdırsa, yəni zülallar, vitaminlər və minerallar lazımi miqdarda qəbul olunursa, ciddi fəsadlara səbəb olmayacaq. Məsələn, qarpız istəyən hamilə qadın bunu yeyə bilmirsə, su, C vitamini və şəkər ehtiyacını portağal və ya digər meyvələrlə ödəyə bilər. Burada əsas məsələ ümumi qida qəbulunun keyfiyyətidir, tək bir qidanın olmaması deyil. Psixoloji təsir də nəzərdən qaçırılmamalıdır. Hamiləlikdə emosional vəziyyət vacibdir və istədiyi qidanı ala bilməmək qadında stress, narazılıq və ya əsəbilik yarada bilər. Stress hormonları həddindən artıq artarsa, qan təzyiqi yüksələ bilər və bu hal preeklampsiya kimi ağırlaşmalara yol aça bilər. Dölə də qan axını azalarsa, oksigen və qida çatdırılması pisləşə bilər. Amma bu hal ekstremal hallarda və davamlı stressdə baş verir. Tək bir qida istəyinin ödənilməməsi ilə birbaşa əlaqəli deyil. Praktik baxımdan həkimlər hamilə qadınlara çiy ət, pasterizə olunmamış süd, yüksək civəli balıqlar və s. bir çox qidalardan çəkinməyi tövsiyə edir. Əgər istək bu qadağan edilmiş qidalara yönəlibsə və qadın bunları yeməsə, əksinə faydası olar. Çünki listeriya və ya toksoplazma kimi bakteriyalar dölə zərər verə bilər.
Digər tərəfdən şirniyyat və ya yağlı qidalar kimi zərərli ola biləcək istəklər ödənilməsə, bu hal hamiləliyin sağlam keçməsinə kömək edər. Əgər qida rasionu balanslıdırsa, hamilə qadınların ürəyi istəyən qidanı yeyə bilməməsi özü-özlüyündə ciddi fəsadlara səbəb olmur. Ancaq bu istək orqanizmin real ehtiyacını əks etdirirsə və alternativlərlə kompensasiya olunmursa, ana və döl üçün risklər yarana bilər. Həkimlə məsləhətləşmək və qan analizləri ilə vəziyyəti izləmək ən doğru yoldur. Psixoloji rahatlıq üçün isə yaxınların dəstəyi və mümkün olan alternativlər təklif etmək faydalı ola bilər".