Albaniyanın paytaxtı Tiranada keçirilən U23 Avropa çempionatında mübarizə aparan qadın güləşçilərdən ibarət Azərbaycan millisi Vətənə geri dönüb. SİA xəbər verir ki, güləşçiləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının nümayəndələri, ailə üzvləri, yaxınları və media mənsubları qarşılayıb.
Qadın güləşçilərimiz U-23 çempionatları tarixində ilk dəfə 2 qızıl medal qazanıblar. Elnurə Məmmədova (53 kq), Günay Hümbətova (59 kq) çəkidə rəqib tanımayıb. Əsmər Cankurtaran (50 kq) bürünc medal qazansa da, Gültəkin Şirinova (57 kq), Ruzanna Məmmədova (65 kq) yarışı medalsız başa vurub.
Qeyd edək ki, qadın yığmamız komanda hesabında 4-cü olub. 89 xal toplayan millimiz Türkiyə (144), Ukrayna (127) və Polşadan (93) geri qalıb.