"Azərbaycan bir sıra Avropa İttifaqı öklələri üçün etibarlı tərəfdaşdır" - DEPUTAT DANIŞDI

13 Mart 2025 13:03 (UTC+04:00)

“Beynəlxalq mövqelərin gücləndirilməsi istiqamətində reallaşdırılan strateji kursun səmərəliliyi müasir qloballaşma şəraitində dövlətlərin gücünü, beynəlxalq münasibətlər sistemində yeri və rolunu müəyyənləşdirən başlıca amil kimi çıxış edir. Respublikaya rəhbərlik etdiyi dövr ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət sayəsində ölkəmiz tamamilə müstəqil addımlar atan subyekt kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Son illərin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin yaratdığı potensial imkanları lazımınca dəyərləndirib və yeni çağırışlar fonunda daha da vüsətlə inkişaf etdirib. Son illər sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan özünü dünyaya yeni nəsil müstəqil dövlətin ən uğurlu modeli kimi təqdim etməyə nail olmuş, unikal inkişaf strategiyasını reallaşdırmışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Əli Hüseynli deyib.

Onun sözlərinə görə, islahatçı lider kimi və sözü ilə əməlinin vəhdətini ictimaiyyətə uğurla təqdim edən Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı dövlət proqramları, uğurlu neft-qaz strategiyası, təbii sərvətlərimizin insan amili baxımından optimal şəkildə dəyərləndirilməsi, bu imkanlardan Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi üçün maksimum istifadə olunması son nəticədə xalqın daim artmaqda olan rifahını şərtləndirən amillərdir: “Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. Milli qanunvericiliyin daim təkmilləşdirilməsi, yeni çağırığlara uyğunlaşdırılması, dövlət quruculuğu istiqamətində əhəmiyyətli qərarların qəbul edilməsi müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinə əməl olumnası üçün münbit şərait yaradır. Demokratik islahatlar nəticəsində cəmiyyətin siyasi səviyyəsinin xeyli yüksəlməsi, ölkədə keçirilən bütün seçkilərin demokratiya və söz azadlığının təzahürü kimi çıxış etməsi ölkəmizin beynəlxalq reytinginə müsbət təsir edən amillərdəndir. Ötən illər ərzində Azərbaycanın ən böyük uğuru, heç şübhəsiz, xalqın sonsuz etimadına güvənən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bənzərsiz sərkərdəliyi ilə 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun möhtəşəm tarixi Qələbəyə imza atmasıdır. Tarixi dəyişən bu Zəfər ölkəmizin son 200 illik dövlətçilik tarixində əldə etdiyi ən böyük nailiyyət hesab olunur. Belə ki, əfsanələri reallığa çevirən Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır!” reallığını rəşadətli Ordumuzun gücü ilə bütün dünyaya sübut etdi, beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olundu”.

Deputat həmçinin qeyd edib ki, müasir standartlar səviyyəsində modernləşmiş və dünyanın güclü orduları sırasında yer alan Azərbaycanın Silahlı Qüvvələri bu gün daha qüvvətli, daha çevik bir gücdür: “Bu, ölkəmizin beynəlxalq nüfuzuna işləyən ən güclü amillərdəndir. Məhz ona görə də Prezident İlham Əliyev Ali Baş Komandan kimi bu sahəyə xüsusi diqqət ayıraraq əsas prioritetlər sırasında ilk növbədə ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafını göstərir. Bu da səbəbsiz deyil: dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Azərbaycan Respublikası beynəlxalq platformalarda yüksək nüfuza malik aktor rolunu məharətlə oynayır. BMT, Avropa İttifaqı, NATO, TDT, İƏT kimi dünya siyasətində söz sahibi olan təşkilatlar¬da respublikamızla əməkdaşlıq strateji prioritet kimi müəyyənləşdirilir.

Azərbaycan bir sıra Avropa İttifaqı öklələri üçün etibarlı tərəfdaşdır. Çünki “Bizim sözümüz imzamız qədər keçərlidir”, - söyləyən Prezident İlham Əliyevin fəaliyyəti sözlə əməlin vəhdət nümunələri ilə zəngindir və bunu hər kəs görür və dəyərləndirir. Məhz onun yorulmaz və səmərəli fəaliyyəti sayəsində bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edirlər. Bölgənin lider dövləti olan, müasir dünyada etibarlı tərəfdaş kimi tanınan respublikamız həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır.

Ötən ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Məntiqlidir ki, bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurla sədrlik etməsi bu qərarın qəbul edilməsində əhəmiyyətli rol oynamışdır. Digər baximdan bu, həm də Azərbaycan rəhbərliyinin qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Təsadüfi deyil ki, bu qlobal sammit həm də siyasi texnoloqlar tərəıfindən dünyada sülhə və təhlükəsizliyə mühüm töhvə kimi dəyərləndirilir.

Azərbaycan durmadan nüfuz coğrafiyasını genişləndirməkdə davam edir. Ötən ilin sonlarına yaxın Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikasının yekdilliklə quruma üzv seçilməsi beynəlxalq aləmə inteqrasiyası prosesində ölkəmizin yeni diplomatik uğurudur. Növbəti ünvan isə hökumətlərarası təşkilat kimi Brazili¬ya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən BRICS-dir.

Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədə yaranmış yeni geosiyasi reallıqlar baxımından Azərbaycanın həyatında daha vacib və mühüm mərhələ başlayıb. Beynəlxalq siyasi arenada yeni dünya nizamının formalaşmasında fəal iştirak edən güclü geosiyasi oyunçu kimi qəbul edilən Prezident İlham Əliyevin mütərəqqi təşəbbüsləri və praqmatik siyasi addımları bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına ümidləri artırır. Bu baxımdan Cənubi Qafqazın lideri olan Azərbaycanın bundan sonra da regionun sülh və əmin-amanlıq məkanına çevrilməsinə və tərəqqisinə daha mühüm töhfələr verəcəyi şübhəsizdir. Elə bu gün Azərbaycan liderinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqi də eyni zamanda ölkəmizin beynəlxalq aktor kimi mövqeylərinin getdikcə gücləndiyini təsdiq edən həqiqətlərə söykənir.