“Ermənistan lazımsız propaqanda kompaniyası aparır” - HİKMƏT HACIYEV BİLDİRDİ

13 Mart 2025 13:17 (UTC+04:00)

“Böyük Britaniya - Şimali İrlandiya arasında “Good Friday Agreement” adlandırılan 1998-ci il sazişində İrlandiya Respublikasının Şimali İrlandiya ilə əlaqədar olan məsələləri ilə bağlı konstitusiyasında dəyişiklik etmişdir”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu beynəlxalq münasibətlərdə təsbit olunmuş şərhdir: “Hal-hazırda Bakıda Azərbaycan xalqına qarşı müharibə cinayətlərini və insanlıq əleyhinə cinayət əməllərini törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi həyata keçirilir və onlar ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu Azərbaycan xalqının uzunmüddətli gözləntisi, haqlı tələbi idi. Burada Azərbaycan Respublikası özü ədaləti təmin etmiş olur.

Bu gün bizə qarşı əks tendensiyanı görürük. Ermənistan rəhbərliyi məhkəməyə qarşı bütün resurslarını səfərbər edərək, lazımsız propaqanda kompaniyası aparır. Bu gün Ermənistanın havadarları Avropa Parlamentində Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobbi qrupları Azərbaycana qarşı yeni qətnamə layihəsini qəbul etmək fikrindədirlər. Bu da xüsusi məhkəmə ilə əlaqədardır. Bu məhkəmədə mühakimə olunan şəxslər qanun qarşısında cavab verirlər”.