Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasında 30 illik tarixə malik əlaqələrin əsası ötən əsrdə qoyulmuş və hal-hazırda bu münasibətlərin yüksələn xətlə inkişafı üçün əməkdaşlıq istiqamətləri genişləndirilməkdədir. Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini 25 iyun 1995-ci il tarixində tanımışdır. 28 iyun 1995-ci il tarixdə isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına xüsusi önəm verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, ticarət, enerji, humanitar və digər sahələri əhatə etməkdədir. Balkan yarımadası ölkələri ilə çoxtərəfli münasibətlərinin inkişafı və daha da genişləndirməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri iki ölkə arasında ikitərəfli əlaqələrin genişlənməsinə və inkişafına öz töhfələrini verəcəkdir. İki ölkə arasında çoxşaxəli əlaqələr Balkanlar bölgəsində daha geniş strateji əlaqənin qurulmasının əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın birgə bəyanatla çıxış etmələri inkişafda olan münasibətlərin daha da möhkəmləndirilməsinə inam hissi və əminlik yaradır. Martın 11-də mətbuata bəyanatda Prezident İlham Əliyev Azərbaycan və Şimali Makedoniya əlaqələrindən söz açarkən bildirdi ki, son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir.
İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir neçə mühüm mövzuya toxunularaq ölkələr arasında iqtisadi, siyasi, enerji, ticarət, turizm sahələrində əməkdaşlıq Cənubi Qafqaz və Balkan dövlətlərində daha geniş strateji əlaqələrin qurulmasına töhfələrini verir. Balkan ölkələri Qərbi Avropa ölkələrinin Şərqlə ticarət, nəqliyyat, tranzit və digər sahələri üzrə əlaqələrin qurulmasında mühüm rola malikdir. İnkişaf prosesləri, həmçinin Azərbaycanın karbohidrogen ehtiyatları ölkələrimiz arasında əlaqələrin intensiv inkişaf zərurətini ortaya çıxarmışdır.
Qeyd olunan əməkdaşlıq və ikitərəfli əlaqələr təkcə iki ölkə arasında deyil, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi önəm daşıyır. Azərbaycan yeni qaz yataqlarının istismara verilməsi üzərində çalışır ki, bu da yaxın illərdə qaz ixracının artırılmasına imkan yaradacaq ki, bu da belə deməyə əsas verir ki, Şimali Makedoniyanın enerji resurslarına tələbatını nəzərə alaraq, tərəflər bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək imkanları mövcud olacaqdır.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir. Ölkəmizin bir çox enerji layihələri, eləcə də qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsini əhatə edir. Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın münasibətləri mövcuddur. Bakı ilə Skopye arasında ikitərəfli əlaqələr ölkəmizin Qərbdə enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha göstərmiş olur. Qeyd etmək lazımdır ki, Azərbaycan qazı artıq ötən ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılıbdır. Azərbaycanın uğurlu xarici siyasət xətti ölkəmizin beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini daha da möhkəmləndirməkdədir.
Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı