11-12 mart 2025-ci il tarixlərində Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları keçirilmişdir. SİA xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Gənclər və İdman naziri Fərid Qayıbov və Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov iştirak etmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatmışdır.
Yeni mövsümün ilk turunda Sərhədçi komandası Buta Golden üzərində 3:0 hesablı qələbə qazanmışdır. Günün ikinci qarşılaşmasında Polad və Elit komandaları qarşı-qarşıya gəlmiş, oyun qolsuz bərabərliklə (0:0) başa çatmışdır. Sonuncu qarşılaşmada isə Omar komandası liqaya yeni qatılan Xəzər komandası üzərində 5:1 hesabı ilə inamlı qələbə qazanmışdır.
Turun 12 mart tarixində keçirilən qarşılaşmasında Şirvan komandası Atilla komandasını 8:1 hesabı ilə məğlub etmişdir.
Günün ikinci oyununda Embawood komandası Qarabağ komandası üzərində 7 xal fərqlə qələbə qazanmış, son görüşdə isə Zəfər komandası Ağstafa Dilbaz komandası ilə qarşılaşmış və 10 xal fərqlə üstün olmuşdur.
İdman həvəskarlarının nəzərinə çatdırırıq ki, Peşəkar Çövkən Liqasında növbəti turun oyunları 18-19 mart tarixlərində keçiriləcək və liqa 26 noyabr 2025-ci il tarixinə qədər davam edəcək.